AZ

“Kiçik əllərin yaşıl dünyası” adlı sərgi açıldı

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan sərgi nümayiş olunub.

Kulis.az xəbər verir ki, sərgi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və Aslan Ağayev adına 31 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin rəsm və əl işlərindən ibarət olub. Tədbirdə hər iki məktəbin kollektivi, şagirdlər və uşaq yazarı Mehriban Nağıyeva qonaq qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarını salamlayaraq Bakı şəhərində keçiriləcək COP29 tədbiri çərçivəsində ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən ətraflı bəhs edib. Daha sonra uşaqlara müraciət edərək qeyd edib ki, təbiətin flora və fauna aləmini də qorumaq və daima təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Gəlin təbiətimizi, evimizi birlikdə qoruyaq və daha da gözəlləşdirək!

Kitabxananın əməkdaşı Əsmər Ağalar uşaqların məlumatlandırılması məqsədi ilə “Birgə Daha Sağlam Gələcəyə” adlı video prezentasiyanı təqdim edib. Prezentasiyanın kontentində COP(29) nədir?, COP tədbirlərinin məqsədi nədir? və s. kimi mövzular yer alıb. Çıxışda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir. Dünyanın ən irimiqyaslı tədbirlərdən biri hesab edilən Tərəflər Konfransının 29-cu sessiyası üzrə ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir.

Sonra isə uşaq yazarı Mehriban Nağıyeva məktəblilər üçün “İncinin nağıl dünyası” kitabından nağıllar oxuyaraq onların sevincinə səbəb olub. Tədbirdə səsləndirilən hər bir nitq sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə tərcümə edilib, hər bir uşaqa yazıçı və kitabxana tərəfindən kitab hədiyyə edilib.

Tədbirin sonunda 31 nömrəli tam orta məktəbin şagirdlərinin və sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgiyə baxış keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların istedadlarının üzə çıxarılması, eləcə də mənəvi inkişafını, cəmiyyətə inteqrasiyasını və adaptasiyası təmin etməkdir.

Seçilən
10
1
kulis.az

2Mənbələr