AZ

Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır

Terrorçuların azad olunmasını tələb etmək beynəlxalq qanunlara da ziddir


  “Ola bilər ki, Bakıda cəza çəkən məhbusların qaytarılması, Ermənistanın COP29-da iştirakına töhfə verəcək”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan bildirib ki, müzakirə zamanı məhbusların geri qaytarılması və ya Ermənistan üçün müsbət addımın atılması imkanı yaranarsa, İrəvan tərəddüd etmədən belə bir addım atar: "Amma bu cür müsbət məqamlar olmasa, COP29-da iştirakımızı doğru hesab etmirəm. Hər halda gözləyib görəcəyik". Simonyan sülh müqaviləsi ilə bağlı məsələyə də toxunub: “Mən tələsmək və ya hadisələri qabaqlamaq istəmirəm. Amma biz  bu istiqamətdə səylərimizi davam edəcəyik və çalışacağıq. Bu müddət ərzində, həqiqətən də, vəziyyətin çıxılmaz olduğunu düşündüyümüz anlar olub. Amma biz oturub müzakirə etdik və kiçik addımlarla irəlilədik. Bu, bizim işimizdir”.
  Hüquq müdafiəçisi Xəzər Teyyublu "Sherg.az"a açıqlamasında deyib ki, müharibə və münaqişə dönəmi arxada qalıb. Ekspertin sözlərinə görə, Ermənistan dövlət başçısının, yaxud hansısa rəsmi şəxsin COP29 tədbiri çərçivəsində Azərbaycana gəlməsi, Bakıda olması sülh prosesi üçün müsbət addım olardı: 

"Ancaq Ermənistanın məğlub tərəf olduğu halda Azərbaycan qarşısında şərtlərlə çıxış etməsi, xüsusən həbsdə olan separatçılarla, yaxud digər cinayətkarlarla bağlı tələbi reallıqdan uzaqdır və sülh prosesinə zərbədir. Bu cür cəhdlər uzun zamandır aparılan sülh müzakirələrinin və əldə olunmuş razılaşmaların üstündən xətt çəkmək deməkdir. Azərbaycan dövlətinin Qarabağda soyqırıma, müharibə cinayətlərinə, separatizmə imza atmış terrorçuları həbs etməsi tam qanunauyğunluqdur. Onların azad olunmasını tələb etmək beynəlxalq qanunlara da ziddir".
  X.Teyyublu vurğulayıb ki, belə bir vəziyyətdə, COP29 tədbirindən sui-istifadəyə cəhd etmək təşəbbüsü də qəbuledilməzdir və xoş niyyətdən xəbər vermir: "Ermənistan tərəfinin bu şərti absurddur, cəfəngiyatdır. Ermənistan tərəfi mövcud reallığı dərk etməli, baş verənlərdən nəticə çıxarmalı, ciddi götür-qoy etməlidir. İrəvan hökumətinə separatçılar, cinayətkarlar, terrorçular fayda verməyəcəklər. Yaxşı olar ki, normal, dünyəvi, stabil bir dövlət və cəmiyyət uğrunda çalışsınlar. Seçim ermənilərindir".

Seçilən
28
sherg.az

1Mənbələr