"44 günlük Vətən müharibəsindən öncə hər birimiz deyirdik ki, Azərbaycan təqvimində müxtəlif bayramlar var. Ancaq bir gün çatışmır. Bu, Zəfər Günü idi. Həmin gün, 8 noyabr bizim təqvimdə əskikdir". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, ikincisi, biz rayonlarımızın işğal günlərini qeyd edirdik: "O günləri yenə də unutmamalıyıq. Gələcək nəsillərə ötürməliyik. Həmin ərazilərdə Zəfər muzeyləri ilə yanaşı işğalı əks etdirən açıq və qapalı muzeylər yaradılır. Bu, Azərbaycan dövlətinin siyasətidir. Məhz 44 gündə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz böyük zəfər əldə etdi. İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi çox cəsarətli və qətiyyətli addımlar atdı. Bunun nəticəsində Azərbaycan ordusu və dövləti torpaqlarını işğaldan azad etdi.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nə qədər vətənpərvər olduğunu, Vətənə, dövlətə bağlı olduğunu gördük. Gənclərin hər biri müharibəyə can atırdı. Hər birimiz bu istiqamətdə üzərimizə düşəni layiqincə yerinə yetirdik. Ordumuz peşəkar, nizam-intizamlı idi. Azərbaycan ordusu müasir müharibə apardı. Bu müharibədən sonra dünyada müharibəyə baxış dəyişdi. Pilotsuz uçuş aparatları, müasir raketlərin müharibəsi idi. Şuşanın azad edilməsi üçün Azərbaycan ordusu yüngül silahlarla müasir müharibə apardı. Silahlı qüvvələrimiz böyük nəticələr əldə etdi. Biz heç bir zaman bunu unutmamalıyıq".
"Bu müharibənin ən önəmli hadisələrindən biri Şuşanın azad edilməsi idi. Şuşa Azərbaycanın mənəvi, mədəniyyət paytaxtı idi. Şuşa mədəniyyətimizin beşiyidir. Şuşanın azad edilməsi Azərbaycan tarixində çox böyük nəticədir. 8 noyabr müqəddəs bir gün kimi qalacaq. Əksik gün tamamlanıb, arzumuz yerinə yetib. Ondan üç il sonra antiterror tədbirləri ilə biz Xankəndi və Əsgəran, Xocalı, Agdərəni azad etdik. Ancaq 8 noyabrdan sonra düşmən təslim sənədi imzalamağa məcbur oldu. Ardınca Laçın, Ağdam, Kəlbəcəri geri qaytardıq. Şuşanın alınmasından sonra düşmən gördü ki, artıq məğlubdur. Birləşmiş Millətlər Təşkilatının qətnamələrini Azərbaycan ordusu onlara yerinə yetirməyə məcbur etdi. Bu, böyük tarixi zəfərdir" - deyə o, əlavə edib.