AZ

Möhtəşəm Zəfər: yeni reallıqlar rifah və inkişaf vəd edir

44 günlük Vətən müharibəsi hər anı və məqamı ilə qəhrəmanlıq dastanı, xalqımızın mənəvi-siyasi qüdrətinin, dövlətimizin milli gücünün əyani ifadəsidir.

Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara başlayaraq Azərbaycanın cəbhəboyu ərazilərini, o cümlədən yaşayış məntəqələrini və mülki infrastrukturu intensiv şəkildə atəşə tutdu. Bu hücum nəticəsində mülki vətəndaşlar və hərbi qulluqçular arasında həlak olan və yaralananlar oldu, evlərə və ictimai binalara ciddi ziyan dəydi. Təxribatın əsas məqsədi Azərbaycanın mövqelərini zəiflətmək və yeni ərazilər ələ keçirmək idi.

Bu təxribatlar Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu. Bununla Azərbaycan əks-hücum tədbirləri ilə öz torpaqlarının işğaldan azad edilməsinə yönəlmiş “Dəmir yumruq” əməliyyatını həyata keçirdi və müharibə 44 gün sonra Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Ermənistanın bu təxribatları nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

8 Noyabr - Zəfər Günü, xalqımız üçün milli birlik, qürur və qəhrəmanlıq rəmzi olaraq hər il qeyd olunur və gələcək nəsillərə tarixi bir miras olaraq ötürülür. Zəfər Günü Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi Qələbəni və torpaqlarımızın azad edilməsini simvolizə edən bir tarixdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur bölgəsini işğaldan azad etdi. Bu günün rəmzi mənası torpaqların geri qaytarılması, şəhidlərimizin xatirəsinin əziz tutulması və xalqın birliyini ifadə edir.

 “Dəmir yumruq” əməliyyatı 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyatların rəmzi adıdır. “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyevin çıxışlarında istifadə edilərək xalqın birliyini, gücünü və şanlı ordumuzun döyüş ruhunu simvolizə edir.

2020-ci ilin Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və liderlik qabiliyyəti, xalqımızın mübarizə əzmi və ordumuzun gücü Azərbaycanın Qələbəsini təmin edən əsas faktorlar oldu. Dövlət başçısının uzaqgörən strategiyası, beynəlxalq arenada diplomatik gedişləri və müharibə dövründə xalqı və ordunu bir araya gətirən çıxışları qələbənin əldə olunmasında mühüm rol oynadı.

Cənab İlham Əliyevin rəhbərliyi ilə müharibə dövründə həm hərbi, həm diplomatik cəbhədə hədəfə yönəlmiş qərarlar qəbul edildi. Birincisi, Azərbaycan Ordusunun müasir silah və texnologiyalarla təchiz olunmuş – hazırlıq vəziyyətdə olması müharibə zamanı üstünlüyü təmin etdi. İkincisi, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla Ermənistanın təxribatlarını və işğalçılıq siyasətini ifşa etməyə nail oldu.

Müharibə dövründə cənab İlham Əliyev dünya mediasına müntəzəm müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini izah edir, qlobal ictimaiyyəti həqiqətlərdən xəbərdar edirdi. Onun “Dəmir yumruq” əməliyyatı zamanı “Qarabağ Azərbaycandır!” şüarı ilə xalqa və ordumuza ruh verməsi, strateji cəhətdən önəmli şəhərlərin azad edilməsində göstərdiyi qətiyyət xalqımızın yaddaşında qürurla yer aldı. Bu liderlik milli birliyi gücləndirərək xalqın və dövlətin gücünü dünyaya nümayiş etdirdi.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı

Seçilən
15
1
ikisahil.az

2Mənbələr