AZ

COP29-dan gözləntilər böyükdür

Rusiya Federasiyasının Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru Anna Romanovskaya Azərbaycan mediasına açıqlamasında bildirir ki, Bakının COP29 kimi nüfuzlu bir konfransa evsahibliyi etməsi ölkəyə olan böyük etimadın məntiqi nəticəsidir. Azərbaycanın paytaxtı çoxlu sayda nümayəndənin işləməsi üçün ən əlverişli məkandır. 

A.Romanovskayanın sözlərinə görə, 29-cu iqlim sessiyasında son 10 ildə müsbət nəticə əldə edilməyən maliyyə probleminin həlli gözlənilir. İndiyədək donor və resipiyent ölkələrdə bu məsələyə fərqli baxışlarla yanaşılır. Belə ki, donorlar maliyyələşmə üçün nəzərdə tutulan məbləğin çox yüksək olduğunu, resipiyentlər isə daha yüksək vəsaitə ehtiyac duyulduğunu bildirirlər. Bu, çətin danışıqlardır və COP29-da məsələnin həllinə böyük ümid bəslənilir. 

İnstitut direktoru qeyd edir ki, hazırda müşahidə olunan iqlim dəyişikliyi təcə təbiətə və infrastruktura deyil, həm də bəşəriyyətə daha çox ziyan vurur: “İqlim dəyişikliyi hazırda bütün dünyada baş verir. Bunu bütün ölkələr hiss edir. Qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5 dərəcə Selsi artıb. Təbii ki, təhlükəli hidrometeoroloji hadisələr – güclü küləklər və davamlı yağışlar da iqlim dəyişikliyinin nəticəsidir. Bu, bütün bəşəriyyət üçün çoxsaylı mənfi nəticə yaradır, ərzaq ­təhlükəsizliyini, insanların sağlamlığını və rifahını təhdid edir”. 

Açıqlamasında iqlim dəyişikliyinə atmosferə atılan istixana qazlarının daha çox təsir etdiyini vurğulayan A.Romanovskaya planeti ən çox çirkləndirən əsas dövlətlərin – ABŞ, Hindistan və Aİ ölkələrinin adlarını çəkir. O, sözlərinə əlavə edərək bildirir ki, Azərbaycan və Rusiya neft ölkəsidir. Lakin dünya mədən yanacaqları ilə deyil, onların emissiyaları ilə mübarizə aparır.

 

Seçilən
45
xalqqazeti.az

1Mənbələr