AZ

Tramp, yoxsa Harris?

İndi təkcə amerikalıların deyil, bütün dünyanın diqqəti məhz bu suala veriləcək cavaba yönəlib

Birləşmiş Ştatların elektoratı qarşıdakı 4 il ərzində dünyanın supergücünü idarə edəcək Prezidenti və vitse-prezidenti seçir. Seçkilərdə revanş götürməyə qərarlı görünən respublikaçı Donald Tramp və iqtidardakı partiyanın namizədi demokrat Kamala Harris arasında güzəştsiz və gərgin mübarizə gedir. Yerli media seçiciləri səsvermədə fəallıq göstərməyə çağırmaqla məşğuldur. 

Tanınmış ekspertlər belə gərgin rəqabət şəraitində keçən prosesin nəticələrini proqnozlaşdırmaqdan çəkinirlər. ABŞ-də erkən seçimlər oktyabrın 26-da start götürüb. Dünən seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-dən axşam 20:00-a qədər (Bakı vaxtı ilə 5 noyabr 14:00-dan 6 noyabr saat 07:00-a qədər-red.) fəaliyyət göstərib. Dünən bütün ölkə üzrə 78 milyondan çox seçici erkən səsvermədə öz səslərini vermişdi. 

ABŞ-nin 47-ci prezidentini müəyyən edəcək seçkilərdə həm də qanunverici orqanların – Nümayəndələr Palatası və Senatın üçdə ikisi yenilənəcək. Seçkilərin nəticələrini, bir qayda olaraq, ən çox elektorata malik Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları müəyyən edir. Təhlükəsizlik tədbirlərinə bugünədək görünməmiş miqyasda polis, milli qvardiya qüvvələri cəlb edilib.

* * *

Bəs, ABŞ-də prezident seçkilərinin nəticələri Cənubi Qafqaza nə vəd edir? Seçkiöncəsi təşviqat kampaniyasında ermənipərəst çıxışları ilə yadda qalan demokrat Kamala Harrisin supergücün sükanı arxasına keçəcəyi təqdirdə Ağ evin bizim bölgəyə yönəlik xarici siyasətində hansısa dəyişikliklərin baş verəcəyi nə dərəcədə realdır? Ölkənin tanınmış politotloq və siyasi icmalçılarının bu suala cavablarını oxuculara təqdim edirik. 

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, demokrat Kamala Harrisin ABŞ prezidenti seçiləcəyi təqdirdə Ağ evin indiki xarici siyasətində ciddi dəyişikliyə məruz qalacağını gözləməyə dəyməz. Sadəcə, mövcud siyasi kursa olsa-olsa, xırda korrektələr əlavə edilə bilər. Çünki Harrisin özü də Bayden komandasının üzvüdür və prioritetləri gözləməyə məcburdur. Eləcə də Donald Trampdan da Vaşinqtonun Qafqaz siyasəti ilə bağlı hansısa dəyişiklikləri edəcəyini gözləməyə dəyməz. Onu deyə bilərik ki, respublikaçı Tramp demokratlardan fərqli olaraq, Cənubi Qafqaz bölgəsinə o qədər də vaxt və diqqət ayırmayacaq. Düzdür, son dörd il ərzində bu məsələlərdə demokratlar həddən artıq canfəşanlıq edirdilər. Əgər yeni prezidentin inaqurasiya mərasiminə qədər Azərbaycan Ermənistanla münasibətlərini müəyyən bir nizamlanma çərçivəsinə salmağı bacarsa, bu halda ABŞ-nin regiona marağı yalnız İran kontekstində aktuallıq kəsb edə bilər. Aydın məsələdir ki, Ağ evin məhz bu istiqamətdə yürüdəcəyi siyasətində Azərbaycansız hansısa addımları atacağı real görünmür. 

“Ümumiyyətlə, rəsmi Vaşinqtonun dünyanın bir sıra bölgələrinə münasibəti strateji baxımdan dəyişilməz olaraq qalır. Bu siyasi kursa, o cümlədən Cənubi Qafqaza münasibətdə yalnız müəyyən taktiki əlavələrin edilməsi mümkündür”. Bu fikirlərin müəllifi, Qərbi Kaspi Universitetinin professoru, siyasi icmalçı Fikrət Sadıxov əmindir ki, Kamala Harrisin prezident seçilməsi ilə Vaşinqtonun bölgəyə yönəlik indiki siyasi xətti davam etdirəcəyi, Qarabağ ermənilərinin geri qayıtması, onların qayğısına qalması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması, Cənubi Qafqazda sülhə və sabitliyə dəstək xarakterli təkliflərin gündəmdə qalacağı gözləniləndir: “Əlbəttə, bu zaman demokratik dəyərlərin gözlənilməsi məsələsinin də mütəmadi olaraq qaldırılacağına şübhə etmirik. Ona görə ki, sonuncu prinsip Demokratlar Partiyasının əsas prioritetlərindən biridir. Hər halda vitse-prezident postunda çalışdığı dövr ərzində Qafqaz regionundakı mövcud reallığı kifayət qədər öyrənib və bundan müəyyən nəticə çıxarmalıdır. Azərbaycan öz torpaqlarını işqaldan azad edib və regionda hamının hesablaşmalı olduğu gücə çevrilib. Bəli, bu bölgədə Azərbaycanla hesablaşmaq lazımdır. Harris seçkiqabağı kampaniyasında ermənipərəst şüarlar səsləndirsə də, anlamalıdır ki, əgər Vaşinqton, həqiqətən də, burada sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdırsa, konkret təkliflərini versin. Bakı həmişə sağlam və reallıqla üst-üstə düşən təklifləri qəbul etməyə hazırdır”. 

* * * 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədovun fikrincə, seçkiöncəsi təşviqat kampaniyasında namizədlərin gündəmində Cənubi Qafqaz mövzusu, demək olar ki, yox idi: “Sadəcə olaraq, ABŞ-dakı erməni diasporunun xahişi ilə son günlərdə müəyyən açıqlamalar verildi. Buradan belə bir qənaətə gələ bilərik ki, Bayden administrasiyasından fərqli olaraq Harris, yaxud Trampın komandaları üçün Cənubi Qafqaz məsələsi o qədər də aktuallıq kəsb etməyəcək. Amma demokrat Harris Bayden siyasi xəttinin davamçısı, müəyyən dərəcədə eyni ideoloji xarici siyasətə üstünlük verəcəyinə və Ağ evin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğuna görə yeni administrasiya da bu xətti davam etdirə bilər. Biz bunu gələn ilin yazında hiss edəcəyik. İntəhası, bu dövr ərzində Bayden Bakıya və İrəvana ünvanladığı məlum məktubunda “ilin sonuna qədər” ifadəsini işlədib. Bu o deməkdir ki, Cozef Bayden 2024-cü ilin sonunadək imzalanacaq sülh sazişini şəxsən özünün xidməti kimi qələmə vermək istəyir. Çünki o, ötən dörd il ərzində ABŞ-nin xarici siyasətində ciddi uğura imza ata bilmədi. Bu uğur isə Vaşinqtonun Bakıya və İrəvana edəcəyi təkliflərdən asılı olacaq. Yəni postundan gedən prezident tərəflərə təzyiq deyil, yalnız təklif edə bilər. Buradan belə bir nəticə hasil olur ki, Tramp prezident seçilərsə, praqmatik siyasi xəttə üstünlük veriləcək. Məhz praqmatizm ABŞ-nin Azərbaycana, Cənubi Qafqaza münasibətdə aparıcı amil olub. Harris administrasiyasında bölgəyə yönəlik hər hansı yeni yanaşmanı ancaq gələn ilin yazında görəcəyik”. 

XQ-nin sualını cavablandıran Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev hesab edir ki, budəfəki seçkilərə maraq əvvəlkilərə nisbətən daha böyükdür: “Çünki, seçkiqabağı təşviqatda rəqiblərin daxili və xarici siyasət məsələlərinə fərqli yanaşmalarını gördük. Düzdür, Ağ evin siyasəti hansısa rəhbərin subyektiv düşüncəsi ilə formalaşmır. Rəsmi Vaşinqton öncədən müəyyən edilmiş prioritetlərlə hərəkət edir. Amma onu da inkar etmək olmaz ki, xarici və daxili siyasətdə Ağ ev sahibinin fərdi yanaşması da müəyyən rol oynayır. Təbii ki, supergüc olaraq ABŞ həmişə dünyada gedən proseslərə, bu və ya digər bölgəyə təsir etməkdə, onu nüfuz dairəsində saxlamaqda maraqlıdır. Belə bölgələrdən biri də Cənubi Qafqazdır. Son 30 ildə bu bölgə, demək olar ki, ABŞ-nin diqqət mərkəzində olub. Fəqət, təəssüf ki, 2020-ci ildəki prezident seçkilərindən sonra Vaşinqton Cənubi Qafqaz siyasətində yeni reallığa deyil, subyektiv maraqlarından qaynaqlanan süni meyarlara əsaslandı. Məhz bu səbəbdən həmin yanaşma regionda sülhün əldə olunmasına, əməkdaşlığın inkişafına xidmət etmədi. 

Qafqazda, Mərkəzi Asiyada özünün geosiyasi və enerji maraqlarını üstün tutan ABŞ üçün region ölkələrinin milli maraqları arxa plana keçdi. Bu kontekstdən baxsaq, Ağ evin Cənubi Qafqaz siyasətində kifayət qədər təzadlı məqamları görə bilərik. Biz seçkiqabağı kampaniyada demokratların namizədi Kamala Harrisin erməni elektorata müraciətini, “erməni soyqırımı” açıqlamasını, Azərbaycana yardımların kəsilməsi, sanksiyaların tətbiqi çağırışlarını, Dağlıq Qarabağı könüllü tərk etmiş ermənilərin “təhlükəsiz geri dönüşü”, eləcə də həqiqəti əks etdirməyən digər məsələləri eşitdik. Bu baxımdan K.Harrisin prezident seçiləcəyi təqdirdə Vaşinqtonun Cənubi Qafqazda ədalətli sülhün, sabitliyin əldə olunması istiqamətində pozitiv addımlar atacağını proqnozlaşdıra bilmərik”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin isə sualımıza cavabı qısa və konkret oldu: “Vaşinqtonun xarici siyasət kursu bu seçkidən sonra da dəyişilməz olaraq qalacaq”. F.Şəfiyev ABŞ-nin siyasi olimpində demokratı respublikaçının əvəzləməsinin Ağ ev Administrasiyasının Cənubi Qafqaza yanaşmada ciddi dəyişikliyə məruz qalmayacağı qənaətindədir. 

* * *

Beləliklə, yerli ekspertlərin, demək olar ki, hamısı seçkilərdən sonra ABŞ hakimiyyətinin Qafqaza, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə mövqeyinin dəyişməcəyi qənaətini bölüşürlər. Bu da səbəbsiz deyil. Hamıya gün kimi aydındır ki, özünü dünyanın bir nömrəli supergücü hesab edən ABŞ son 20 ildə təkcə Cənubi Qafqazda deyil, planetin digər nöqtələrində də demokratik prinsipləri iqtisadi maraqlarına qurban verib. Bunu Vaşinqtonun bölgəmizdə apardığı siyasətindən aydın görmək mümkündür. Həmişə birtərəfli qaydada işğalçı Ermənistanın xeyrinə addımlar atan, qətnamələr çıxaran ABŞ-nin bu zaman ikili standartlardan çıxış etdiyini göstərən çoxsaylı, həm də təkzibedilməz sübutlar var. Təkcə bir faktı qeyd etməyimiz yetər: Şuşa və Laçının işğalından əvvəl, Xocalıda dinc sakinlərə qarşı erməni faşistlərinin törətdiyi soyqırımı ərəfəsində ABŞ Konqresi “Azadlığa dəstək Aktı”na 907-ci əlavəni qəbul etdi. Konqres bu qərarı ilə Azərbaycan xalqını o vaxt ciddi ehtiyac duyduğu maliyyə yardımından məhrum etdi. “Qırmızı imperiya”nın pəncəsindən yeni qurtulmuş, BMT üzvü olan müstəqil dövlətin ərazi bütövlüyünü dəstəkləməyin yerinə, Qarabağ separatçılarına maliyyə yardımı ayıran ABŞ-nin bundan sonra obyektiv olacağına necə inanaq?

Özünü demokratiyanın beşiyi sayan, azadlığı dəstəklədiyini iddia edən rəsmi Vaşinqton qonşusunun 20 faiz ərazisini işğal edənə, yerli xalqı etnik təmizləməyə məruz qoyana, bölgədə Rusiyanın maraqlarını təmsil edənə göstərdiyi hərtərəfli dəstəyini indi nə ilə ört-basdır edə bilər? Yazımızın sərlövhəsinə çıxardığımız sualı sonda oxuculara ünvanlayırıq: işğala məruz qalanın haqqını işğalçıya yedirdən ABŞ-dəki prezident seçkilərində Donald Trampın, yaxud Kamala Harrisin qalib gələcəyinin sizin üçün necə, fərqi varmı? 

İmran BƏDİRXANLI
XQ 

 

Seçilən
28
xalqqazeti.az

1Mənbələr