AZ

Yevlax cüdonun yeni mərkəzinə çevrilir

Tək Bakıda deyil, regionlarda da cüdonun tərəqqisi əsas prioritetlərdəndir. Bu mənada Yevlaxın adını xüsusi ilə qeyd etmək lazımdır. Cüdo yevlaxda gənc nəslin maraq göstərdiyi fərdi idman növlərinin başında gəlir.

Yapon döyüş sənətinin rayonda ənənəsi də var. Ənənə isə inkişafın açarı hesab olunur. Bünövrə olan yerdə uğur qazanmaq çətinlik yaratmamalıdır.

Əməkdar məşqçi Naib Balaşov bu barədə danışır: “Son vaxtlar ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Artıq bütün ailələrdə cüdo idman növünü tanıyırlar. Son Olimpiya Oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyev çempion olduqdan sonra cüdo ilə məşğul olanların sayı daha da artdı. Getdikcə bu say arta-arta gedir”.

Yevlax cüdo məktəbinin yetirmələrinin imza atdıqları uğurlar ölkədaxili yarışlarla məhdudlaşmır. Özünəməxsus dəsti-xətti ilə seçilən yevlaxlı tatami ustaları nüfuzlu yarışlarda fəxri kürsüyə yüksəliblər. Şübhəsiz ki, qazanılan nailiyyətlər yerli cüdo məktəbinin yetirmələri olan Aslan Mirzəyev, Knyaz Mahmudlu və Pərvanə Abdullayevanın milli komandanın tərkibində qazandıqları uğurlarla bağlıdır: “Aslan Mizəyev yeniyetmələr arasında Avropa çempionatında gümüş medal əldə edib. Knyaz Mahmudlunun yaxşı nəticələr verib. Pərvanə Abdullayeva isə hazırda milli komandanın tərkibindədir. Ondan da böyük uğurlar gözləyirik”.

Azərbaycan Cüdo Federasiyası son dövrlər ölkədə bu idman növünün inkişafı istiqamətində xeyli işlər görür. Qurum bölgələrdə zona yarışları təşkil edərək perspektivli cüdoçuların aşkarlanmasına şərait yaradır: “Mənim fikrimcə, bu yarışların seçimində istedadlı idmançılar üzə çıxacaq. Həm vaxt, həm də şərait lazımdı. Fikrimcə, inkişaf daha da çox olacaq. Sadəcə, bir az təkan lazımdı. Təkan da federasiya tərəfindən həmişə verilir və veriləcək”.

Yevlaxda müxtəlif yaş kateqoriyasından olan 100-ə yaxın tatami ustası bu idman növü ilə məşğul olur. Şəhərin əksər idman məktəblərinin bölmələrində 10-a yaxın qrup fəaliyyət göstərir ki, burada da 5-dən çox məşqçi çalışır.

Cüdo yaponcadan dilimizə “asan, yumşaq yol” kimi tərcümə olunsa da, əslində, belə deyil. Bu idman növü zamanı əziyyət çəkməsən və intensiv məşqlər etməsən, uğur qazanmaq çətin olacaq. Deməli, bu idman növünü seçənlər heç də asan yolun yolçusu deyillər.

BƏHRUZ MUSAYEV, YEVLAX

Seçilən
12
futbolinfo.az

1Mənbələr