AZ

Ursula Fon der Lyayen təsdiqləyir ki, qlobal ekoloji problemlər Aİ üçün maraqlı deyil - Elman Nəsirov

Avropa ölkələri qədər ekoloji böhranı yaradan başqa ölkələr yoxdur

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen  Azərbaycanda keçiriləcək dünyanın ən nəhəng beynəlxalq tədbiri olan COP29-a qatılmayacağını bəyan edib. Bu mövqe hansı həqiqəti ortaya qoyur? Həqiqət ondan ibarətdir ki, deməli dünyanı narahat edən  bir nömrəli problem İqlim dəyişikliyi problemi heç bir halda Avropa İttifaqı rəhbərliyini qayğılandırmır. Nəzərə alsaq ki, bu, bir reallıq kimi qəbul olunur ki, bugünki dünyamız üçün bir nömrəli təhdid beynəlxalq terrorizm deyil. Bir nömrəli təhdid İqlim dəyişikliyi ilə yayılmış problemdir və Avropa İttifaqı Avropa Komissiyasına sədrlik edən bir şəxs ilk növbədə bu tədbirə gəlməli idi, çünki Avropa ölkələri qədər bu gün ekoloji böhranı yaradan digər ölkələr yoxdur. Yəni, bu gün Avropanın inkişaf edən sənayesi havanı çirkləndirən və onu daha çox karbon tullantıları ilə zəhərləndirən bir tərəfdir. Yəni hamıdan çox Avropa İttifaqı Bakıda keçirilən COP29 tədbirində fəal iştirakı ilə seçilməli idi.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat bildirdi ki, Bakıda keçiriləcək tədbirdə iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələləri əsas müzakirə predmeti olacaq. Paris razılaşması var ki, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə təxminən yüz milyard dollar vəsait ayırmalıdır. İnkişaf etməkdə olan ölkələr tələb edirlər ki, bu həcm çox kiçikdir. Çünki, problem getdikcə daha da dərinləşir. 1,1,- 1,3 trilyon dollar vəsait ayırmaq lazımdır. Bu vəsaitin də əsas tərəflərindən biri kimi Avropa İttifaqı çıxış etməli idi. Amma Avropa İttifaqı rəhbərliyi bu tədbirə gəlməkdən imtina edib. Deməli, bu vəsaiti ödəmək niyyəti də yoxdur. Bir daha sübut edirlər ki, onlar üçün dünyanı narahat edən qlobal məsələlər deyil, öz dar maraqları, məsələləri bir nömrəli mahiyyət kəsb edir. Təəssüf hissi ilə qeyd edirik ki, Avropa İttifaqının bu davranışı onu göstərir ki, onların dünyanı narahat edən problemlərlə bağlı səsləndirdikləri fikirlər sadəcə sözdən ibarətdir. Ortada heç bir real əməl yoxdur. Son davranış da bunu bir daha təsdiqlədi.

Elman Nəsirov hesab edir ki, burda siyasi motivlər ön plana çıxıb: “Görünür ki, COP29 tədbirinə ona görə qatılmırlar ki, Azərbaycan dövləti ərazi bütövlüyünü, suverenliyini tam, qəti və əbədi təmin edib. Bu gün bütün ərazilərimizdə şanlı Azərbaycan Bayrağı dalğalanır. Bütün bu reallıqları həzm edə bilmirlər. O səbəbdən də, gah Azərbaycanla qaz kontraktlarına yenidən baxmaq, gah COP29-u boykot etmək kimi mənasız bəyanatlar səsləndirirlər. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Avropa Komissiyası rəhbərinin bu mövqeyi elə ermənipərəst, Avropa Parlamentinin mövqeyi ilə tamamilə üst-üstə düşür. Bu Avropa ittifaqına utanc gətirən bir hadisədir”.

Səbinə Kazımova, “İki sahil”

Seçilən
25
ikisahil.az

1Mənbələr