AZ

Atik Əli: İqlim dəyişiklikləri milli sərhədləri aşan əməkdaşlıq tələb edir

Dinlərarası dialoq iqlim dəyişikliyi ilə mübarizə üzrə yüksək səviyyədə formalaşdırılmış ideyaları yerli səviyyədə konkret fəaliyyətlərə çevirə bilər.

“İki sahil” xəbər verir ki, bunu Finlandiyanın Dinlərin Əməkdaşlığı üzrə Milli Forumunun prezidenti Atik Əli Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə panel müzakirəsi zamanı deyib.

"Dini icmalar resurs və təcrübələri birləşdirərək yerli mühitə birbaşa təsir göstərən təşəbbüslərə rəhbərlik edə bilər. Dini qurumlar təhsil və mənəvi tərbiyənin əsas mərkəzləridir ki, bu da onları iqlim savadlılığının yayılması üçün ideal məkanlara çevirir. Dinlərarası qruplar öz mənəvi təlimlərini nəzərə alaraq iqlim dəyişikliyinə yönəlik tədris proqramları və resurslar yarada bilərlər", - o bildirib.

A.Əlinin sözlərinə görə, iqlim dəyişiklikləri milli sərhədləri aşan əməkdaşlıq tələb edən qlobal problemdir.

"Dinlərarası təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə sahəsində bilik və təcrübə mübadiləsinə imkan verəcək qlobal şəbəkələr yaratmaq üçün beynəlxalq ekoloji birliklərlə əməkdaşlıq edə bilər. Bu, insanların planetin gələcəyi üçün qarşılıqlı əlaqəsinin və ümumi məsuliyyətinin əsasını qoyacaq. Biz iqlim dəyişikliyi ilə müharibə vəziyyətindəyik. Biz passiv qala bilmərik, birləşməliyik. Əgər bu müharibəni uduzsaq, planetimizdə əmin-amanlığı itirəcəyik", - o vurğulayıb.

Seçilən
17
2
ikisahil.az

3Mənbələr