AZ

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, sammitdə dini liderlər "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda və iqlim dəyişikliyinin yaratdığı problemlər haqqında çıxışlar ediblər.

Yekun nitqində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə iqlim problemləri ilə bağlı müzakirələr və təkliflərə görə sammit iştirakçılarına təşəkkür edib. O qeyd edib ki, dini liderlərin Bakıda toplanmağının məqsədi siyasətçilərin də diqqətini iqlim problemlərinə cəlb etməkdir: "COP29-un Azərbaycanda keçirilməsi qürurverici və çox əhəmiyyətlidir. Qlobal sammit öz sözünü deyəcək".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vurğulayıb ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan qlobal problemlərin həllinə xüsusi diqqət göstərdiyini bir daha sübut etdi:

"Sammitdə səsləndirilən fikirləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, sammit iştirakçıları dünya dövlətlərinə iki istiqamətdə mesaj veriblər. Birinci mesaj dünya liderlərinə yönəlib. Onların iqlim problemləri ilə bağlı fəaliyyətdə düzgün idarəçiliyinə diqqət çəkilib. İkinci mesaj isə bütün insanlara yönəlmiş ismarışdır. Hər kəsin fərdi şəkildə iqlim dəyişikliyi ilə mübarizəyə qoşulması önəmli hesab edildi. Düşünürəm ki, Qlobal Sammit öz məqsədlərinə nail olacaq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov da iqlim dəyişikliyinin dini liderlər platformasında müzakirəsinin vacib olduğunu deyib. O qeyd edib ki, ətraf mühitin qorunması hazırkı dönəmdə çox vacib məsələdir: "İqlim dəyişmələri son 50-100 ildə çox aktual olsa da, əvvəlki dövrlərdə də bu problemlər mövcud olub. Bununla mübarizə isə insanlığın başlıca məqsədlərindən biridir".

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Yer Kürəsi Naminə İnanc Koalisiyasının təsisçisi və direktoru Iyad Abu Moghli sammit iştirakçılarına çağırış edərək iqlim dəyişikliyi və ekoloji deqradasiyaya qarşı mübarizədə gücləri səfərbər etməyə səsləyib:

"COP29-da 40-dan çox sessiya keçiriləcək. İqlim dəyişikliyi ilə mübarizəyə mənəvi, əxlaqi, maliyyə resursları sərf edilməlidir ki, problemin həllinə nail olaq. Dini liderlərin bununla bağlı rolu çox böyükdür. İnsanları inandırmalı, hər kəsə, hətta təcrid edilmiş icmalara da səsimizi çatdırmalıyıq. Gəlin, sağlam, təhlükəsiz mühitdə birlikdə yaşayaq".

Müsəlman Ağsaqqalları Şurasının sədri Məhəmməd Əbdülsalam qeyd edib ki, sammitin gündəmi çox geniş olub:

"Mən inanıram ki, dini liderlər qlobal problemləri birgə həll edə bilərlər. Bu istiqamətdə qəbul olunan yekun sənədin məqsədlərinə nail olacağını düşünürəm".

Seçilən
29
10
iqtisadiyyat.az

10Mənbələr