AZ

Cənubi Qafqazda yeni geosiyasi reallıq: Azərbaycan həlledici qüvvədir

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Zəfər sözün həqiqi mənasında Azərbaycan tarixinin möhtəşəm və ən parlaq səhifələrindən biridir.

İnkaredilməz həqiqətdir ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. Hal-hazırda dünyada baş verən hadisələrdə, böyük güclərin geosiyasi maraqlarında da bu amilləri müşahidə etmək mümkündür. Qeyd etmək lazımdır ki, ermənilər XIX əsrin sonları və XX əsrin əvvəllərində böyük güclərin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, onlar da öz növbə­sində bu güclərdən vaxtilə qurulması planlaşdırılan Ermənistan dövləti üçün öhdəliklər tələb etmişdilər. Yəni böyük güclərin ermənilərlə əlaqələrini bir növ “qarşılıqlı istifadə və faydalanma” münasi­bətləri çərçivəsində xarakterizə etmək olar. Həmin “qarşılıqlı istifadə və faydalanma” münasi­bətlərinin nəticəsidir ki, “erməni məsələsi” beynəlxalq problemə çevrilmiş, Cənubi Qafqazla bağlı geosiyasi maraqlarda ermənilər əsas vasitə kimi istifadə olunmuşdur. Bu da bir həqiqətdir ki, hər bir böyük dövlətin özü kimi “böyük güc” siyasəti vardır və bu siyasət yolunda qarşıya çıxan maneələr amansızlıqla aradan qaldırılır. Lakin bunu da xüsusilə qeyd etmək lazım gəlir ki, bu maneələr məhz böyük güclər tərəfindən bir-birilərinə qarşı siyasi, iqtisadi, hərbi vasitə kimi planlı şəkildə yaradılaraq geosiyasi səhnəyə çıxarılır. Tarixən olduğu kimi, günümüzdə də böyük güclər arasında dünyanın strateji baxımdan əhəmiyyət daşıyan bölgələrinə nəzarət uğrunda rəqabət və “nüfuz savaşı” gedir. Bu mübarizədə isə uğrunda rəqabətlərin aparıldığı bölgələrin rəyi belə nəzərə alınmır, ölkələr sistematik şəkildə xaosa sürüklənir. Bu, böyük güclərin “dünya nizamı”dır. Qeyd etmək lazımdır ki, dünya nizamı özünü qloballaşma, demokratiya, insan hüquqları və s. adlar altında gizlətsə də, geosiyasətlə qarşı-qarşıya gəlmiş və toqquşmuşdur. Tarixən prinsip etibarilə sülhü qorumağı rəhbər tutan beynəlxalq sistemlər mövcud olub, bu gün də var. Lakin bu sistemlər geosiyasət qarşısında həmişə məğlubiyyətə düçar olublar. Ümumiyyətlə, fərqli düşüncədə olan, ixtisasından, peşəsindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsi düşündürən belə bir sual var: müharibələr niyə baş verir? Cavab son dərəcə sadədir: ədalətin bitdiyi yerdə müharibələr baş verir. Ədaləti tənzimləyən sistem nədir? beynəlxalq hüquq. İşə yarayıbmı? Xeyr! Beynəlxalq hüquq dünyanın aparıcı dövlətləri üçün həmişə arxa planda olub. Böyük güclərin ədaləti yoxdur, onların geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Bu baxımdan geosiyasi maraqların toqquşduğu müasir dövrdə də sülh haqqında nikbin düşünmək məntiqə sığmır. Realıq budur ki, müharibələrdə sülh olmaz, uzlaşma olar. Digər tərəfdən, strategiyada “sülh” deyə bir anlayış yoxdur. “Sülh” anlayışı hərbi terminologiyada müharibəyə hazırlıq dövrüdür. “Sülh” anlayışı beynəlxalq arenada masaya əyləşən zaman uzlaşmaya varılan bir sözləşmənin və ya sazişin adıdır. Daha doğrusu, qalib tərəfin məğlub tərəfə öz şərtlərini və tələblərini zorla qəbul etdirdiyi diktənin adıdır. Beləliklə, müharibəni başladan və bitirən, sülhü yaradan və pozan millətlər deyil, məhz böyük güclərdir.

Yuxarıda sadalanan qlobal məsələlərin təsiri işığında Cənubi Qafqazda, xüsusilə Ermənistanla Azərbaycan arasında cərəyan etmiş hadisələrin təhlili, eyni zamanda 44 günlük müharibədə və sonrasında əldə edilmiş tarixi zəfər, separatizmin kökünün kəsilməsi, suverenliyimizin bərpası kimi məsələlərin analizi olduqca böyük elmi, siyasi aktuallıq kəsb edir.

Təxminən 30 ilə yaxın idi ki, Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunurdu. Problemin həlli ATƏT-in Minsk Qrupuna həvalə edilmiş, lakin bu qurumun cəhdləri uğursuz alınmışdır. Daha doğrusu, Minsk Qrupu münaqişənin həllinə ümumiyyətlə cəhd etməmişdir. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəmir, üstəlik, atəşkəs rejimini də pozurdu. Daim böyük dövlətlər tərəfindən dəstəklənəcəyini ümid edən Ermənistan psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışdı və qıcıqlandırma metodlarından istifadə etdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi özündənrazı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar yeni müharibənin xəbərçisinə çevrildi. Onun məlum bəyanatı Ermənistanın etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Həmişə öz havadarlarına güvənən Ermənistan elə bir oyun oynamaq istədi ki, Paşinyanın həmin “fikri” get-gedə şişərək Ermənistanın və bütün dünya ermənilərinin başında partladı.

Nəticədə, Azərbaycan tərəfi Ermənistan qarşısında güc və qətiyyət nümayiş etdirərək özünün “dəmir yumruq” əməliyyatını reallaşdırdı, bu dövləti ağır məğlubiyyətə uğratdı. Düzdür, mübarizə siyasi, diplomatik və informativ müstəvidə hələ də davam edir. Azərbaycan gedişata uyğun olaraq hər həmləyə qarşı yeni bir strategiya müəyyənləşdirir. Azərbaycan elə bir Zəfərə imza atıb ki, bu Zəfərlə Ermənistanın “Dənizdən dənizə böyük Ermənistan” mifologiyası tarixin dərinliklərinə gömülüb. Həm də birdəfəlik. Azərbaycan sadəcə Ermənistan qarşısında qələbə qazanmadı, onu dəstəkləyən havadarları qarşısında da tarixi qələbə əldə etdi ki, bu böyük güclər tərəfindən həzm edilmir. Əlbəttə ki, Azərbaycan Ermənistan qarşısında tarixi qələbə qazanıb, amma təəssüf ki, “erməni məsələsi” bitməyib. Hadisələrin retrospektiv təhlili və hadisələrin mövcud gedişatı onu göstərir ki, vaxtilə beynəlxalq güclər tərəfindən ərsəyə gətirilən bu məsələ geosiyasi maraqların, antitürk zehniyyət və fəaliyyətlərin təzahürü kimi yenə səhnədədir. Ermənistan unutmamalıdır ki, o, dünyanın geosiyasi şahmat taxtasında piyada statusuna malikdir, amma çox qəribədir, dünyanın böyük oyunçuları ilə münasibətlərdə özünü “ağır fiqur” kimi təsəvvür edir. Anlamaq istəmir ki, bu piyada sadəcə böyük güclər istədiyi üçün oyundadır, istənilən vaxt qurbana çevrilə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır”. Həqiqətən də ümumi olaraq bütün Cənubi Qafqazda sabitlik və təhlükəsizlik region dövlətləri və bu işdə maraqlı olan qlobal güclərin Azərbaycanla dost münasibətlərindən və qarşılıqlı fəaliyyətlərindən asılı olacaqdır. Əvvəla, Ermənistan özü bu işdə maraqlı olmalıdır. Həqiqətən də bu dövlət Cənubi Qafqzda sabitliyin qorunmasında marqlıdırsa, Azərbaycanla sülh imzalamalı və verilən təklifləri ağıllı şəkildə dəyərləndirməlidir. Heç təsadüfi deyildir ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları sülh prosesində gələcək irəliləyiş üçün başlıca maneədir. Ermənistan bir tərəfdən sülh çağırışı edir, digər tərəfdən isə nəinki bu maneəni aradan qaldırmağa çalışmır, hətta bəzi dövlətlərdən aldığı silahlarla revanşizmə yönəldiyini ortaya qoyur. Öz qonşusu və ya qonşuları ilə mehriban qonşuluq münasibətləri içərisində yaşamaq istəyən bir dövlətin sürətlə silahlanması onun nə dərəcə sülh carçısı olduğunu göstərir? Sülh carçısı olmaq və Ermənistan: bu ikisi bir-birinə paradoksdur. Ermənistan həmişə olduğu kimi, sülh prosesində manipulyasiya edir və özünü sülh sazişinin tezliklə imzalanmasının tərəfdarı kimi nümayiş etdirməyə cəhd göstərir.

Əlbəttə, Azərbaycanla səmimi və faydalı qarşılıqlı münasibətlər qurmaq istəyən dövlətlər olsa da, təəssüf ki, regionda sabitliyi pozmağa çalışan, Azərbaycanla münasibətlərdə qeyri-dost mövqe nümayiş etdirən, açıq şəkildə düşmənçiliyini ortaya qoyan, şantaj və təxribatlarla məşğul olan, Azərbaycanın nailiyyətlərini həzm edə bilməyən dövlətlər də vardır. Bütün bunlara baxmayaraq, rəsmi Bakı inamla gələcəyə doğru əmin addımlarla irəliləyir. Yeridilən düzgün və əməli siyasət nəticəsində bütün qlobal və regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm özünün ərazi bütövlüyünü bərpa etdi, həm də ölkəni mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Azərbaycan bu gün də beynəlxalq siyasi arenada baş verənlərə münasibətdə doğru davranış sərgiləyir. Azərbaycan dünyada gedən proseslərə üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Məlumdur ki, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq əməkdaşlığa sədaqətinin göstəricisi olmaqla bərabər, eyni zamanda onun qlobal arenada nüfuzunun artmasının da bariz sübutudur. Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynaması, ərsəyə gətirilən nəhəng layihələr Cənubi Qafqazın inkişafına şübhəsiz ki, xidmət edəcək. Zəngəzur dəhlizin açılacaq olması da regionun güclənməsinə və inkişafına da öz töhfəsini verə bilər. Bu baxımdan Ermənistan sülh sazişini və Azərbaycanın haqlı tələblərini mütləq surətdə ağıllı başla dəyərləndirməlidir. Ümumiyyətlə, rəsmi Bakının verdiyi qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərarların qəbulunda milli maraqlar əsas götürülür. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti nəinki döyüş meydanında uğurlar qazanıb, siyasi və diplomatik müstəvidə də böyük bacarıq və ustalıq nümayiş etdirməkdədir.  

Yeni geosiyasi reallıqları Azərbaycan özü yaratdı və yaratdığı bu yeni reallıqlarla regionun təhlükəsizliyinin yeganə təminatçısı olduğunu bütün dünyaya göstərdi. Azərbaycan suverenliyini tam şəkildə təmin etdi, xarici təzyiqlərə və həmlələrə baxmayaraq, siyasi iradəsindən dönmədi və qətiyyət nümayiş etdirdi. Bu gün Azərbaycan regionun söz sahibidir. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə elə bir geosiyasi reallıq yarandı ki, əldə edilən bu tarixi nailiyyətlə Azərbaycan Türk dünyası arasındakı tarixi körpünün daimiliyini təmin etmiş oldu. Sözün həqiq mənasında Türk dünyası arasındakı körpünü məhz Azərbaycan oynayır. Azərbaycan yeni marşrutlar qovşağıdır ki, bu da Azərbaycanla səmimi münasibətləri və tərəfdaşlığı qaçılmaz edir. Bundan başqa, yaranan yeosiyasi reallıqlar post-sovet ölkələri üçün qlobal güclərlə, neokolonist dövlətlərlə münasibətlərin qurulması istiqamətində Azərbaycanın model dövlət olduğunu sübut etdi və göstərdi ki, dövlətlərarası münasibətlər yalnız və yalnız milli maraqlara söykənməlidir.

Emin Şıxəliyev,
​Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri doktoru

Seçilən
44
1
ikisahil.az

2Mənbələr