AZ

Kişilərin pərvanə kimi başına dolandığı “Mehmanxana sahibəsi” – Taleyi gətirməyən MƏŞHUR AKTRİSA

Düz deyiblər ki, həyatda bütünlüklə xoşbəxt olmaq mümkün deyil. Sənət taleyində xoşbəxtsənsə, şəxsi həyatında yarımayacaqsan. Yaxud da əksinə… Onun da şəxsi həyatında taleyi üzünə gülmədi. Amma sənət taleyində xoşbəxtlərin xoşbəxti kimi adını əbədi olaraq kino və teatr tarixinə yazdırdı. Ömür yolunda nakam sevgilərin qurbanına çevrilsə də, sənət dünyasında bitib-tükənməyən tamaşaçı sevgisi ilə əhatələndi.

Xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyeva da belə sənətkarlardan idi. Teatr səhnəsində yaddaqalan obrazları ilə bərabər, həm də Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkildi. Bütün obrazları da sevildi. Onu tamaşaçıya sevdirən həm də təbii, səmimi oyun tərzi idi. Zərnigar Ağakişiyeva oynamırdı, səhnədə və çəkiliş meydançasında obrazın taleyini yaşayırdı.

Heyf ki, bu gözəl aktrisa ömrünün müəyyən dönəmindən sonra yaradıcılığına uzun-uzadı fasilə verdi. Daha dəqiq desək, buna məcbur oldu. Çalışdığı Akademik Milli Dram Teatrında son üç il ərzində ona cəmi iki rol həvalə olunmuşdu. Teatrın aparıcı aktrisası kimi bu üç il ərzində iki rolun nə demək olduğunu yaradıcı insanlar gözəl bilir. Bu, mədəni sürətdə “teatrdan get” ismarışı idi. Özünə, sənətinə hörmət edən belə bir aktrisa üçün bu sözü anlamaq çətin deyildi. Elə buna görə də aktrisa illərlə fəaliyyət göstərdiyi teatrdan, canını qoyduğu səhnədən bir an qərar verib getməli oldu.

Bu isə onun səhhətində izsiz ötüşmədi. Səhnədən uzaq düşən aktrisa sağlamlığında ardı-arası kəsilməyən problemlər yaşamalı oldu. Tənhalığa, depressiyaya qapıldı, hər kəsdən inciyən aktrisanın qapısı elə hər kəsin üzünə bağlı qaldı. Bağlı qapılar arxasında da bir gün bu dünyaya əlvida deyib, son mənzilə yol aldı. Zərnigar Ağakişiyeva o sənətkarlardandır ki, yeri heç vaxt dolmayacaq. Bənzərsiz aktrisalardan idi. Yaratdığı obrazlarda onu hər dəfə görüb, hər dəfə də sevgi ilə yad edəcəyik. Doğum gününüz mübarək, Zərnigar xanım!

Cəvahir

Seçilən
17
yenicag.az

1Mənbələr