AZ

“Təəssüf ki, ayrılandan sonra bir daha danışmadıq” - Pedro Nuno “Səbail”in elitada qalacağına inanır

Futbol üzrə ölkə çempionatında turlar irəlilədikcə turnir cədvəlində qütbləşmə dərinləşir. Məsələn, ilk “5-lik”də “Qarabağ”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Zirə” və “Sabah” yer alıb. Çətin ki, qış fasiləsinə qədər liderlər qrupuna kimsə müdaxilə edə. Cədvəlin ikinci qütbündə isə “Sumqayıt”, “Şamaxı”, “Neftçi”, “Səbail” və “Kəpəz” qərarlaşıb.

Burda da ən ümidsiz vəziyyətdə olanlar “Kəpəz”lə “Səbail”di. Məhz “Səbail” yayda büdcəsi azaldıldığına görə aparıcı oyunçularının faktiki hamısını itirdi. Gedənlərdən biri də Pedro Nuno idi. Hazırda Polşa “Korona”sını uğurları üçün çalışan portuqaliyalı yarımmüdafiəçi ilə söhbətdə əsasən “Səbail”in taleyinə toxunduq.

- Sabiq komandan “Səbail”in baş məşqçisi Şahin Diniyev istefa verdi. Onun komandadan gedişi barədə nə deyə bilərsən?
- Təbii ki, bu, klub üçün böyük itkidi. Çünki o, məşqçi olmaqla yanaşı, klubu və onun layihəsini çox yaxşı bilən adamdı, klub üçün hər zaman əlindən gələni edirdi. Mən olsam, istefanı qəbul etməzdim.

- Sən Azərbaycandan ayrılanda dedilər ki, Şahin Diniyevlə mübahisən olub. Onunla aranızda hansısa inciklik var idi?
- Məşqçi ilə heç vaxt fikir ayrılığı olmayıb, əksinə, onu çox sevirdim. O, öyrəndiyim və həmişə çox hörmət etdiyim insandı. Hər zaman arxalana biləcəyimiz və bizim üçün ən yaxşısını istəyən biri idi. Onun haqqında demək istədiyim yalnız yaxşı şeylər var və gələcəkdə ona yalnız ən yaxşısını arzulayıram.

- Burdan ayrılandan sonra Şahin Diniyevlə əlaqən qalırdımı? Bu məsələdən sonra özü ilə əlaqə saxlamısan?
- Təəssüf ki, ayrılandan sonra bir daha danışmadıq. Amma əminəm ki, hər hansı bir səbəbdən onunla əlaqə saxlamağa çalışsam, dərhal cavab alacağam. Çünki münasibətlərimiz yaxşıdı.

- Baş məşqçi autsayder “Kəpəz”ə məğlubiyyətdən sonra istefa verdi. Son vaxtlar komandanın çıxışını izləyirsənmi? Uğursuzluğun səbəbini nədə görürsən?
- Çox oyun izləmirəm, amma həmişə nəticələri təqib edirəm. Təəssüf ki, göstəriciləri heç yaxşı deyil. Çox güman, komandanın oyun keyfiyyəti aşağı düşüb. Bu da başverənlərdə əsas səbəbidi.

- “Səbail” həm büdcə, həm də heyət yetərsizliyindən premyer-liqanı tərk edə bilər.
- Hazırda klubda nəyinnecə olduğunu bilmirəm, amma ümid edirəm ki, bu baş verməz.

- “Səbail”dən ayrılmağına maliyyə probleminin səbəb olduğunu bilirik. Bəs “getmə” deyənlər oldumu? Ümumiyyətlə, büdcə azaldılmasaydı, bu klubda qalardın?
- Düzdü, klubdan qalmağımla bağlı yanaşmalar, təkliflər oldu. Amma bu addımı atıb Polşaya getməyim daha məntiqli idi. “Səbail” məni heç vaxt xəyal qırıqlığına uğratmayan, mənə müsbət təsir edən klubdu. Birlikdə gördüyümüz yaxşı işləri həmişə xatırlayacağam.

- Ötən mövsüm bombardirlərdən biri də sən idin. Azərbaycandan təklif almışdınmı, yoxsa özün burda qalmaq istəmədin?
- Bəli, “Səbail”dən və başqa bir klubdan təklif almışdım.

-Bəs gələcəkdə burdan təklif gəlsə, yenidən Azərbaycanda oynamaq istərdinmi?
-Peşəkar səviyyədə xoşbəxt olduğum ölkədi, ona görə də istənilən təklifə qapımı həmişə açıq saxlayacağam. Hamısı bir neçə amildən asılıdı və əlbəttə, təklifin məntiqli olub-olmaması da rol oynayacaq.

- “Benfika”nın yetirməsisən, tanınmış klublarda forma geymisən. Azərbaycan çempionatının səviyyəsini necə görürsən?
- Rəqabətli liqadı və bütün matçlar çətin olur. Lakin onu daha da cəlbedici etmək üçün hələ də çatışmayan məqamlar var. Bu isə artıq futbolu təşkil edənlərin üzərinə düşür.

RÖYANƏ OĞUZ

Seçilən
20
football-plus.az

1Mənbələr