AZ

COP29 çərçivəsində “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə bəyannamə qəbul ediləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yaşıl Rəqəmsal Fəaliyyət" üzrə COP29 Bəyannaməsi qəbul ediləcək.

"İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bəyannamənin qəbulu hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutlar, xeyriyyə təşkilatları, özəl sektor və qeyri-hökumət təşkilatları, akademik dairələr tərəfindən həyata keçiriləcək.

Bəyannaməni qəbul etməklə tərəflər iqlim dəyişikliyinin təsirlərini azaltmaq, qarşıdakı məqsədlərə nail olmaq üçün rəqəmsal texnologiyaların rolunu qəbul etmək, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC), Paris Sazişinin hədəflərini, 2030-cu il üçün nəzərdə tutulan məqsədləri dəstəkləmək niyyətlərini bəyan edəcəklər.

Tərəflər rəqəmsal innovasiyaların düzgün istifadəsinin müxtəlif iqtisadi sektorlarda istixana qazı emissiyalarının azaldılmasına və iqlim dəyişikliyinə uyğunlaşmasına təsirini vurğulamaqla yanaşı, köhnə rəqəmsal infrastrukturun ekoloji cəhətdən zərərləri ilə bağlı problemlərin həll edilməli olduğunu qeyd edəcəklər.

Bəyannamədə informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru tərəfindən istixana qazları emissiyaları və enerji istehlakı ilə bağlı daha ardıcıl, texniki cəhətdən hərtərəfli məlumatların təqdim edilməsinin iqlimə təsirlərin qiymətləndirilməsində irəliləyişlərə əhəmiyyətli töhfə verəcəyi bildiriləcək. Həmçinin rəqəmsal bərabərsizliklər ədalətli, inklüziv və rəqəmsal keçidlərə nail olmaq üçün əsas maneə kimi vurğulanacaq. Rəqəmsal giriş, imkanlar və resurslardakı boşluqların bərabərsizlikləri artıracağı və qlobal iqlim səylərini çətinləşdirəcəyi qəbul ediləcək.

Rəqəmsallaşmanın qlobal davamlılıq baxımından tam faydalı olması üçün bu bərabərsizliklərin aradan qaldırılmasının vacibliyi qeyd edilməklə bütün cəmiyyətlərin - yerli xalqların, yerli icmaların, qadınların, uşaqların, gənclərin və əlilliyi olan şəxslərin – bu imkanlardan faydalanmalı və heç kimin geridə qalmamalı olduğu bəyan ediləcək.

Qeyd edək ki, COP29 beynəlxalq tədbiri noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.

Seçilən
21
8
ikisahil.az

9Mənbələr