ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlməsi Ermənistanda məyusluqla qarşılanıb.
Modern.az xəbər verir ki, bunu erməni politoloqlar və siyasi ekspertlərin açıqlama və şərhlərindən, erməni sosial şəbəkələrindəyi paylaşımlardan sezmək olur.
Qeyd edək ki, demokratları təmsil edən hazırkı prezident Co Bayden qondarma “erməni soyqırımı”nı tanıyıb, 2023-cü ildə isə o, 23 illik fasilədən sonra Azərbaycana birbaşa maliyyə yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”in icrasına imza atıb.
Təbii ki, Bayden Adminisistrasiyasının bu addımları erməniləri sevindimişdi. ABŞ-dakı erməni diasporu Kamala Harrisin seçilməsində maraqlı idi. Ermənilər düşünürdülər ki, Demokratlar Partiyasının namizədi Kamala Harrisin hakimiyyətə gəlişi onlara ikinci nəfəs verəcək.
Ötən il Azərbaycanın Qarabağda apardığı və ermənlərin oranı tərk etməsi ilə nəticələnən bir günlük antiterror əməliyyatından sonra Kamala Harrisin vitse-prezidenti olduğu Ağ Ev Adminstrasiyası ilə rəsmi Bakı arasında siyasi münasibətlər pisləşmişdi.
Harrisin özü də bəzi addımları ilə Qarabağ məsələsində mövqeyini ortaya qoymuşdu. Məsələn, Kamala Harris sentyabrın 23-də - Ermənistanın Müstəqillik Günündə ABŞ-ın erməni ictimaiyyətinə göndərdiyi müraciətdə Qarabağdan köçən ermənilərin “təhlükəsiz şəraitdə öz evlərinə” qayıtmalı olduğunu vurğulamış və “erməni soyqırımının unudulmamasına” dair çağırışlar etmişdi.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi (2020-ci ilin sentyabr-noyabrı) Trampın prezidentliyinin son aylarına təsadüf edirdi. 2020-ci ildə Tramp adminstrasiyasının Azərbaycan-Ermənistan arasındakı müharibə ilə bağlı səssiz mövqeyi müşahidə olunmuşdu.
Amerika Araşdırmaları Erməni Mərkəzinin direktoru, politoloq Suren Sarkisyan hesab edir ki, Baydenin prezidentliyi dövründən fərqli olaraq Trampın zamanında Ermənistan-Amerika münasibətlərində müəyyən passivlik olacaq.
"Ancaq çox şey ABŞ-la necə işləməyimizdən asılıdır", - Sarkisyan deyib.
“Donald Tramp artıq 4 il ABŞ prezidenti vəzifəsini icra edib (2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək). Biz onun prezidentliyinin əsas prinsiplərini görmüşük və bilirik. Amma indi vəziyyət fərqlidir, xeyli vaxt keçib və Tramp ABŞ-ın 47-ci prezidenti seçilib”, - Suren Sarkisyan əlavə edib.
Suren Sarkisyan ümid edir ki, ermənilər yeni yanaşmaların şahidi də ola bilərlər:
“Çünki Trampın yeni komandası var, o, yeni insanlar və müşavirlərlə əhatə olunub. Ermənistan və erməni lobbi təşkilatlarının onunla necə işləyəcəyi çox vacibdir, çünki indi böyük iş meydanı açılıb”.
Politoloq Tramp Administrasiyası ilə gələcəkdə lobbiçilik işi aparanlar arasında Ermənistanın ABŞ-dakı səfirliyinin adını çəkməyib və bunu belə izah edib:
“Düzünü desəm, mən əmin deyiləm ki, bizim səfirliyimiz və Ermənistanın indiki hakimiyyət orqanları respublikaçılarla işləmək arzusundadırlar, onlar respublikaçılarla işləməkdən yayındılar, məndə belə təəssürat yarandı. Hesab edirəm ki, bu səbəbdən son illər Respublika Partiyası ilə ciddi əlaqələr qura bilməmişik. Həm Ermənistanın ABŞ-dakı səfirliyindən, həm də Xarici İşlər Nazirliyindən xüsusi gözləntim yoxdur”.
Politoloq Stepan Danielyan da deyib ki, Ermənistan hakimiyyəti zamanında Trampı dəstəkləməməklə səhv edib.
“Gürcüstan və Azərbaycan hakimiyyəti Trampa, Ermənistan hakimiyyəti isə demokratlara ümid bağladı”, - deyə Danielyan məyusluqda bildirib.
Ermələr sosial şəbəkələrdə də yazırlar ki, Donlad Tarmpın gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoydu. Ermənilər qorxurlar ki, bundan sonra Azərbaycan Ermənistana qarşı daha sərt mövqedən çıxış edəcək və rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün daha çox güzəşt qoparmaqda israrlı olacaq...
Hətta o da iddia olunur ki, Donald Trampın gəlişi "Zəngəzur dəhlizi"nin açılışına yaşıl işıq yandıracaq...
A.Qorxmaz