AZ

Hulusi Kılıç: Azərbaycan COP29 məqsədlərinə nail olmaq istiqamətində mühüm addımlar atır

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maksimum səmərəliliyinə nail olmaq üçün mühüm addımlar atır. Rəsmi Bakı qarşıdan gələn qlobal iqlim tədbirinin bütün məqsədlərinə nail olmağa çalışır.

Bunu AZƏRTAC-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bəşəriyyət üçün belə əlamətdar bir tədbirin Azərbaycanda keçirilməsi qərarı təsadüfən verilməyib. “BMT-nin üzvü olan ölkələr Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində topladığı uğurlu təcrübəni nəzərə alaraq, COP29 təşəbbüsünü dəstəkləyiblər. Bunlara Avropa Oyunları, Qoşulmama Hərəkatının toplantıları, müxtəlif dünyasəviyyəli idman yarışları və bir çox tədbirlər daxildir”, - deyən Kılıç əlavə edib ki, COP29-un BMT-nin himayəsi altında keçirilən tədbir olmasına baxmayaraq, ev sahibi ölkədən çox şey asılıdır.

H.Kılıç vurğulayıb: “Şübhəsiz ki, Azərbaycan tərəfinin səsləndirdiyi dəyərli təşəbbüslər müzakirələrin gündəliyini zənginləşdirmək, tərəflərin mövqelərini bir araya gətirmək, konkret qərarlar qəbul etmək məqsədi daşıyır”. O, nümunə olaraq dünya birliyi tərəfindən həyata keçirilən tədbirlər fonunda iqlim problemlərinin həlli istiqamətində mühüm təkliflərin səsləndirildiyi Pre-COP29 konfransının nəticələrini göstərib.

Sabiq səfir bir gün əvvəl Bakıda başlayan Dini Liderlərin Qlobal sammitinin əhəmiyyətini də qeyd edib. “Bəşəriyyətin üzləşdiyi çoxsaylı münaqişələr və çağırışlar fonunda yüksəksəviyyəli tədbirlərin uğurlu təşkili Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın nüfuzunun və nailiyyətlərinin göstəricisidir”, -deyə Kılıç bildirib.

“İMZA” İctimai Birliyinin nümayəndəsi “yaşıl gündəliyin” həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərindən danışıb.

Onun sözlərinə görə, COP29 ərəfəsində Azərbaycanın bütün strukturları vahid məqsəd - qlobal tədbirin uğurlu təşkili ətrafında birləşib. “Əminəm ki, COP29 platforması ekoloji problemlərin həlli istiqamətində tarixi qərarlar qəbul etməyə imkan verəcək və hər bir dövlət öz öhdəliyini yerinə yetirəcək. Nəhayət ki, dünya ictimaiyyəti birləşməli və iqlim problemlərinin həllinə nail olmalıdır”, -deyə Kılıç vurğulayıb.

H.Kılıç COP29 ərəfəsində böhtan və şantaj kampaniyasına başlayan bəzi anti-Azərbaycan dairələrinin mövqeyini pisləyib. “Əminəm ki, Azərbaycanın düşmənləri öz məqsədlərinə çatmayacaq, dost dövlət bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək”, -deyə Türkiyənin keçmiş səfiri sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
14
xalqqazeti.az

1Mənbələr