AZ

“Qripdən hər il xeyli sayda insan dünyasını dəyişir” - Professor qorunma yollarını açıqladı

“İnsanlar koronavirus panemiyasından sonra bir çox şeyə həm adət etməli, həm də pandemiya təcrübəsindən yararlanmalıdırlar”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında mövsümi xəstəliklərlə mübarizə aparmağın yolları haqda danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, respirator xəstəliklərin payız-qış aylarında daha çox vüsət alması artıq öyrəşdiyimiz təcrübədir: “Hər il demək olar ki, qrip yeni ştamda peyda olur və müəyyən bir performans göstərir. Onun ağır və yüngül formalarının da şahidi ola bilirik. Biz nə qədər fərqinə varmasaq da, qripdən hər il xeyli sayda insan dünyasını dəyişir. Əlbəttə, virus insan orqanizminə daxil olduqdan sonra, sürətlə yayılmağa başlayır, daxil olduğu yerdə ciddi dəyişikliklər yaradır, ümumi əlamətlər özünü göstərir və nəticədə boğaz ağrısı, nəfəs darlığı da baş verir”.

Professor qeyd edib ki, respirator infeksiyaların çoxu bir-birinə bənzədiyinə görə onları dəqiq təyin etmək də mümkün olmur: “Belə hallarda müvafiq strukturlar, dövlətin müəyyən qurumları yayılan respirator infeksiyanı yoxlayaraq, laborotoriya identifikasiya edərək əhaliyə məlumat verməli, ondan necə qorunmaq haqqında tövsiyələr verməlidirlər. İnsanlar da pandemiya təcrübəsindən çıxış edərək, qidalanmaya diqqət etməli, fiziki aktivliyi artırmalı, daha çox vitaminli qidalara üstünlük verməli, açıq havada gəzməlidir. Bir sözlə, immun sistemini saz vəziyyətdə saxlamaq lazımdır ki, bu cür infeksiyalara yoluxduqda orqanizm onun öhdəsindən gələ bilsin”.

 

İsmayıl Bakuvi

Seçilən
17
iqtisadiyyat.az

1Mənbələr