Hazırda Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya təhlükəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazir belə bir qorxunun olmadığını bildirib.
“Bütün bu narahatlıqları aradan qaldırmağın yalnız bir yolu var: sülh müqaviləsi və “Sülh qovşağı” (nəqliyyat dəhlizləri ilə bağlı layihə - red.). Üstəlik, “Sülh qovşağı” siyasi alət deyil, Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən iqtisadi vasitədir. Əgər Ermənistan və Azərbaycanın belə iqtisadi maraqları varsa, nə burada, nə də orada müharibə haqda düşünəcəklər. Çünki həm Ermənistan, həm Azərbaycan, həm də hər iki ölkənin qonşuları, bütün böyük və kiçik dövlətlər pul qazanacaqlar”, - Papoyan bildirib.
Nazir əlavə edib ki, onda sülh müqaviləsinin imzalanma tarixləri barədə məlumat yoxdur: “Amma heç bir maneə yaranmazsa, Ermənistan hazırdır, bir həftə ərzində sülh sazişinin imzalanmasını təşkil etmək olar”.