AZ

ABŞ seçkilərində sürpriz nəticə olmur: Təbliğat dönəmində Tramp daha ağıllı işlədi

ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, respublikaçı Donald Tramp ümumi ştatlar üzrə 66 milyon 637 min 292 səs toplayıb. Onun demokrat rəqibi, vitse-prezident Kamala Harris isə 61 milyon 679 min 727 səs yığıb.

26 ştatda qələbəsi təsdiqlənən Tramp prezident seçilməsi üçün lazım olan 270 səsdən 266-sını toplayıb, Harris isə 19 ştatda qalib gəlib və 214 səsi var.

Tramp hazırda sayımı davam edən 6 ştatdan 4-də öndədir. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp ABŞ-nin 47-ci Prezidenti olduğunu, tarix yazdıqlarını deyib.

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ-dəki prezident seçkisinin nəticələrini sürpriz hesab etmir.

O qeyd edib ki, ümumiyyətlə ABŞ seçkilərində sürpriz nəticə olmur:

"Seçkilər iki rəqib, iki əsas partiya arasında gedib. Belə demək mümkünsə, Amerikada seçkilər seçilmişlər arasında gedir. ABŞ-də "demokratiya" adı altında aristokratiyadır. Təsadüfi, sistemdən kənar adam ABŞ-də heç zaman prezident ola bilməz. Amerika qurulandan bu sistem tətbiq olunur”.

Onun sözlərinə görə, Kamala Harrisin namizədliyi açıqlanan zaman demokratların şansı yüksək dəyərləndirməyə başlandı:

“Tramp əvvəlki namizəd Co Baydeni xeyli qabaqlayırdı. Sonra Harris Trampı rəy sorğularında və debatlarda üstələdi. Amma son günlərdə Tramp üstünlüyü ələ aldı və Harrisi keçdi. Harris seçki günündən qabaq Trampın tərəfdarlarını zibil adlandırmışdı. Məncə, bu yanaşmanın da seçkinin nəticələrinə təsiri olub. Tramp Harrisin təhqirinə cavab olaraq təmizlik işçilərinin paltarını geyinərək zibildaşıyan maşın sürdü. Bu, Harrisə qarşı qara piar oldu. Yəni təbliğat dönəmində Donald Tramp daha ağıllı işlədi. Əlbəttə, bu, təkcə Trampın yox, onun komandasının uğurudur. Nəticədə Trampı qalib edə bildilər".

Əhəd Məmmədli: ABŞ-də "demokratiya" adı altında aristokratiyadır

Həmsöhbətimiz vurğulayıb ki, amerikalılar Trampın birinci prezidentlik dönəmini unutmayıblar:

"Onun rəhbərliyi dönəmində ABŞ iqtisadiyyatı son illərin ən yaxşı sıçrayışını yaşamışdı. Tramp biznesmen olduğu üçün əsasən daxili siyasətə, iqtisadiyyata önəm verirdi. Özü də bunu fəxrlə deyirdi. Bildirirdi ki, onun dönəmində Amerika heç kimlə müharibə etməyib. İndi də deyir ki, pullar-paralar ABŞ-nin daxilində xərclənəcək. Sadə amerikalılar üçün əsas məsələ İsrailin "vəd olunan torpaqlara sahib olması", Ukraynanın müharibədə mütləq qalib gəlməsi, Tayvanın "müstəqilliyi"nin tanınması deyil. Amerikalılar üçün əsas məsələ gəlirləri, benzinin qiyməti, sosial müavinət və s.dir. Tramp bunlara oynadı və qalib gəldi".

Aydın Baxış

Seçilən
19
bakivaxti.az

1Mənbələr