“Donald Trampın ABŞ prezidenti seçilməsi, əslində, gözlənilən idi. Bunun birdən çox təsiri var idi”.
Bu sözləri politoloq Turan Rzayev Referans.az-a Donald Trampın yenidən ABŞ-ın prezidenti seçilməsi ilə bağlı açıqlamasında deyib.
“Birincisi, Donald Tramp xarizmatik bir liderdir. Milyarder olmasına baxmayaraq, o, aşağı təbəqəyə xitab etməyi bacarır. Hətta sui-qəsddən sonra aksiyalara gəlməmək deyilsə də, dəstəkçiləri qulaqlarına band bağlayaraq ona dəstək nümayiş etdirmişdilər. Sadə amerikan xalqı üçün seçkilərin elə də əhəmiyyəti yox idi. Amma ən azından bunu bir şou xarakterli gördükləri üçün daha böyük şoumenə üstünlük verdilər. Tramp kifayət qədər yaxşı manipulyasiya etməyi də bacarır. Seçkini şou tipində apara bilir, rəqiblərinə qarşı arqumental cavablar verməyi bacarır. Bu, onun birinci üstünlüyü idi”.
Politoloq bildirib ki, Trampın prezident seçilməsində əsas faktorlardan biri də onun verdiyi vədlərdir. Onun Harrisə nəzərən daha tutarlı vədlər verməsi Trampı daha da qabağa apardı.
“Digər bir məsələ isə Trampın kampaniya hazırlığında daha hazırlıqlı olması idi. Harris seçki marafonunun yarışından qoşuldu və belə qoşulma da təbii olaraq, ciddi bir əskiklik deməkdir. Sanki o, 5-6 addım geridən başlamışdı. Doğrudur, hər iki namizədin reytinqləri olduqca yaxın idi amma seçki nəticəsi göstərdi ki kampaniyaya vaxtında başlamaq əslində, çox önəmli faktordur. Dördüncü və mənə görə ən önəmli məsələ cinsiyyət məsələsidir. Tramp kişidir və Amerikanın siyasi elitası daha çox mühafizəkardır. Bu gün Amerikanın əsas tanınan siyasətçilərinə, senatda olan şəxslərə baxdıqda bir çoxunun olduqca yaşlı olduğunu görürük. Bu o deməkdir ki, onlar ötən əsrin siyasətçilərdir və onların zehniyyəti qadın prezidenti qəbul etmir. Təbii ki, dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Lakin ABŞ kimi güclü bir dövləti, süpergücü qadının idarə etməsi indiki məqamda çətin görünür. Bu subyektiv fikrim deyil, lakin ümumi olaraq gəlinən nəticə budur ki, Amerikada qaradərili bir şəxsi – Obamanı prezident olaraq seçsələr də, bir qadını hələ seçmək istəməzlər”.
Turan Rzayev deyib ki, Tramp öncəki prezident seçildiyi dönəmdə çox mühüm işlər görmüşdür. Bunlardan ən önəmlisi də Amerikanın müxtəlif regionlardakı qoşunlarının sayını azaltması və geri çəkməsidir.
“Əfqanıstandan Amerika qoşunlarının çıxması Baydenin dövrünə düşsə belə bunun özəyini Tramp qoymuşdu. Bunu da Trampın uğuru saya bilərik. Əsas məsələ Trampın münaqişələrin həllinə fokuslanmasıdır. Biz bundan sonra da münaqişələri həll edən bir Amerika görə bilərik. Amerikanın dünya üzrə xarici borcu çoxdur. Daxildə də işsizlik, sosial problemlər günü-gündən artır. Tramp və onun hakimiyyətə gəlməsi təmin edən qüvvələr başa düşürlər ki, Amerika cəmiyyəti içdən-içə çürüyür. Ən önəmli məsələ budur ki, artıq Amerika ştatları arasında fikir ayrılıqları yaranıb. Bu fikirləri basdırmaq və tendensiyanı yumşaltmaq üçün Tramp yeni layihələr irəli sürə bilər. Çünki daxildə güclənmədən xarici siyasətdə uğur əldə etmək mümkün olmur”.
Ekspert qeyd edib ki, Trampın prezident olduğu ötən dönəmdə Azərbaycanla da münasibətlərdə hər hansısa problemlər olmamışdı. Hətta bu dövr Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentliyi dövrünə nisbətdə daha müsbət səciyyələnir.
“Sülh müqavilərinin imzalanması ilə bağlı da yenidən Trampın prezident olması ilə Amerikanın tutumunu daha fərqli kontekstdə görə bilərik. Ona görə də hesab edirəm ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında Tramplı Amerika ya daha loyal və daha konstruktiv yanaşma sərgiləyəcək, ya da elə də maraq göstərmiyərək proseslərin həlli istiqamətini regionun problemi olaraq bizim öhtəliyimizə buraxa bilər. Bu bizə müəyyən mənada sərf etməz. Çünki bu, Rusiyanın meydanda tək qalması deməkdir. Əslində, Azərbaycan-Ermənistan münasibətləri artıq ikili danışıqlar perioduna keçib, xarici güclərin təsiri minimuma enib. Amma yenə də prosesin sonuna kimi bunu qorumaq lazımdır. Yəni Rusiya qarşısında Amerika, Amerika qarşısında Rusiya tandemini yaratmaq, məncə, effektiv ola bilər. Bu baxımdan da trampın seçilməsi bizim üçün müsbət hal hesab oluna bilər. Amma yenə də bu məsələ Trampın qarşısına qoyacağı siyasi kursundan asılı olaraq dəyişə bilər. Çünki Amerikada siyasi kursu prezidentlər müəyyənləşdirmir, prezidentlər icranı öz metodları ilə reallaşdırır. Bu biraz fərqli məsələdir”.
Fidan Vəlisoy