AZ

AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?

Məlum olduğu kimi, dönərdən ard-arda zəhərlənmələrdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırladı. Həmin layihəyə əsasən, iaşə obyektləri dönər üçün lazım olan əti yalnız AQTA-nın tələb etdiyi kəsim məntəqələrindən almalıdır.

Maraqlıdır, bu qərar dönərdən zəhərlənmələrin azalmasına, yararsız ətin bazara ayaq açmasına, eləcə də, dönərin qiymətinə təsir edəcəkmi?

Qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, bu qərar həm dönərin keyfiyyətinə, həm də qiymətinə təsir edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?


“Son illərdəki kütləvi zəhərlənmələr, AQTA-nın ölkə üzrə aparılan monitorinqlərinin nəticəsi göstərdi ki, dönərxanalarda vəziyyət heç də ürəkaçan deyil. Ət yüksək risk qrupuna aid olan zülal mənşəli qida məhsuludur. Daha tez xarab olmağa meyllidir. Doğru şəkildə saxlanılmasa, mütləq fəsad yaradır. Bu səbəbdən də dönər hazırlananda istifadə olunan ət keyfiyyətli olmazsa, zəhərlənməyə səbəb ola bilir. Ona görə yeni qəbul edilən bu qərar, əhalinin sağlamlığının qorunması üçün atılan təqdirəlayiq addımdır”.

Qiymətlərə gəlincə, ekspert deyir ki, onun artımı gözləniləndir:

“Qiymətin artması ilə bağlı konkret fikir deyə bilmərəm, amma zənn edirəm, artacaq. Çünki əvvəllər bir çox hallarda mənşəyi bəlli olmayan, keyfiyyətsiz, ucuz ətlərdən istifadə olunurdu. Keyfiyyətli məhsulun qiyməti də nisbətən baha olur. Çünki istehsalçılar burda xammalı aldıqları qiymətdən ucuz verə bilməzlər və bu da, təbii ki, satış qiymətinə təsir edəcək. Amma önəmli olan keyfiyyətdir. Çünki bu, sağlamlıq üçün vacib rol oynayır. Ona görə də burda düşünüləcək ən birinci addım da məhz bu olmalıdır”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
43
bizim.media

1Mənbələr