AZ

“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

Zəfər Günü münasibətilə çəkilən və tibb işçilərinin Vətən müharibəsindəki fəaliyyətinə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, agentliyin struktur bölmə rəhbərləri, tibb işçiləri, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra TƏBİB tərəfindən hazırlanan “Şəfa cəbhəsi” filmi nümayiş olunub.

Qeyd edilib ki, filmin ideya və ssenari müəllifi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğludur. Şöbənin əməkdaşları İlkin Məmmədov filmin quruluşçu operator və montajçısı, Kamil Əmirli isə icraçı prodüseridir.

Filmdə Vətən müharibəsində iştirak edən 12 tibb işçisi, habelə TƏBİB tərəfindən koordinasiya işinin təşkilində iştirak etmiş rəhbər şəxslər yer alıb.

Müharibə dövründə cərrahiyyə otağındakı ifası ilə məşhurlaşan 44 günlük Vətən müharibəsinin qazisi Məbud Əhmədov xatirələrindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda və “Vətən uğrunda” medalları ilə təltif olunan Məbud Əhmədov məşhurlaşdığı ifasını yenidən səsləndirib.

Tədbirdə vurğulanıb ki, müasir ordu quruculuğunun əsas əhəmiyyət kəsb edən təminat növlərindən biri tibbi təminatdır. Tibb sahəsinin maddi-texniki bazasının gücləndirilməsi, müalicə-diaqnostika imkanlarının artırılması və peşəkar kadr siyasətinin dövrün tələbləri çərçivəsində qurulması, eləcə də inkişaf etdirilməsi hər zaman diqqətdə saxlanılıb. Döyüşlərdə itkilərin minimuma endirilməsi, döyüş meydanında yaralanan hərbçilərə operativ və zəruri tibbi yardımın göstərilməsi mütləq şərtlərdən biri olub.

Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçisi növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsində, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə təxliyəsində aktiv iştirak ediblər.

Qeyd edək ki, işğaldan azad edilən bölgələrə dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən ailə sağlamlıq mərkəzləri (ASM), modul tipli xəstəxana və poliklinikalar yaradılıb. Ağalı, Cəbrayıl, Laçın, Talış, Füzuli, Hadrut ailə sağlamlıq mərkəzləri, Ağdam, Şuşa, Zəngilan modul tipli xəstəxanaları, Xankəndi xəstəxanaları fəaliyyət göstərir.

Bu günlərdə Xocalı ASM fəaliyyətə başlayacaq. Tibb məntəqəsi 16 otaqdan ibarətdir. Hazırda tibbi xidmətin təşkili, tibbi avadanlıqlarla və dərman vasitələri ilə təchizat, həkim briqadalarının təhkim edilməsi üzrə fəaliyyət təmin olunur.

Seçilən
17
8
ikisahil.az

9Mənbələr