ABŞ-də prezident seçkisi sona çatıb. Ağ Evdə hökmranlıq uğrunda respublikaçıların namizədi Donald Trampla demokratların namizədi Kamala Harris arasında mübarizə birincinin qələbəsi ilə yekunlaşıb.
Bu seçki ərəfəsində “Daily Mail” Birləşmiş Ştatların hərbi rəsmilərinə istinadla xəbər yayıb ki, ABŞ hərbçiləri seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra nüvə yüklü hipersəs sürətli raketin sınaq buraxılışını keçirməyi planlaşdırır.
Maraqlıdır, üçüncü dünya müharibəsinin başlanması təhlükəsinin artması fonunda ABŞ-nin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməsi nəyə hesablanıb? ABŞ bununla kimlərə hansı mesajı verir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-də keçirilən prezident seçkiləri yalnız Amerikada deyil, bütövlükdə bütün dünya üçün böyük önəm daşıyırdı.
Onun sözlərinə görə, dünya ölkələri arasında ABŞ prezidentliyinə namizədlərə yanaşma tərzi baxımından kifayət qədər ziddiyyətli mövqelər var idi: “Bayden administrasiyasının savaş kursundan bezənlər kifayət qədər çox idi. Ona görə də bəzi dövlətlər Donald Trampın qələbəsini istəyirdilər. Nəticədə də Trampın seçkilərdə qalib gəlməsi ABŞ-nin xarici siyasət kursunda kifayət qədər ciddi dəyişikliklərin olacağı ilə bağlı ehtimalları artırıb. Seçki qabağı Tramp Ukrayna savaşını dayandıracağını, Yaxın Şərqdə sülh yaradacağını, eyni zamanda yeni Üçüncü dünya müharibəsinin qarşısını alacağını bəyan etmişdi. Bütün dünya Donald Trampdan seçki qabağı verdiyi vədlərin icra olunmasını gözləyir. Çünki hazırda dünya doğrudan da çox təhlükəli mərhələyə qədəm qoyub. Bu mərhələ qlobal savaş təhlükəsini ön plana keçirib. Hətta hadisələr indiki istiqamətlər üzrə inkişaf edərsə, nüvə savaşı belə, qətiyyən istisna deyil. Ona görə də indi Trampın üzərinə böyük və beynəlxalq məsuliyyət düşür. Tramp verdiyi vədləri yerinə yetirməlidir və dünyada sülhə, sabitliyə yönəlik addımlar atmalıdır. Hər halda bununla bağlı kifayət qədər ümidlər mövcuddur”.
Politoloq vurğulayıb ki, ABŞ-nin bəzi dairələrinin D.Trampın Co Bayden administrasiyası tərəfindən başladılmış münaqişələrin dayandırılması siyasəti ilə barışmayacağı da qətiyyən şübhə doğurmur: “ABŞ cəmiyyəti və siyasi elitası parçalanmış vəziyyətdədir. Hər iki tərəfin olduqca ciddi maraqları mövcuddur. Ukrayna savaşı və Yaxın Şərq böhranı hazırda silah sənayesinin sürətlə varlanmasına münbit şərait yaradıb. Ona görə də savaş kursunda maraqlı olanlar mövcud situasiyanın davam etməsi üçün əllərindən gələn hər şeyi edəcəklər. ABŞ-nin hərbi dairələrinin nüvə silahlarına başlaması da bəzi səbəblərlə bağlı ola bilər. Bu səbəblərin sırasında təbii ki, ABŞ-nin hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsi xüsusi yer tutur. Nəzərə almaq lazımdır ki, Rusiya da nüvə təlimlərinə başlamışdı və bununla ABŞ-yə, ümumən Qərbə meydan oxumuşdu. Dünyanı, o cümlədən də kollektiv Qərbi nüvə zərbələri ilə hədələmişdi. İndi ABŞ-də nüvə təlimlərinin keçirilməsi, ballistik raketlərin döyüşə hazır vəziyyətə gətirilməsi böyük ehtimal Moskvaya bir mesajdır ki, ABŞ da Rusiyanın istənilən aqressiv, radikal addımlarına cavab verməyə hazırdır və bu, Kremlə baha başa gələ bilər. Bütün bunlar onu göstərir ki, dünya çox təhlükəli bir mərhələdən keçir. Bu mərhələdə dünya nəhənglərinin səhv etməyə haqqı yoxdur. Trampın üzərinə də beynəlxalq məsuliyyət düşür. O, bu məsuliyyəti doğru dəyərləndirib dünyada sülhün və sabitliyin yenidən bərqərar olması üçün verdiyi vədləri yerinə yetirməlidir”.
Nailə QASIMOVA