AZ

İnfarkt halları niyə artıb? - Həkim AÇIQLADI

Son vaxtlar insanlarda ürək tutması hallarına tez-tez rast gəlinir. Digər sözlə ilə infarkt adlanan bu problem sağlamlıq üçün ciddi təhlükə yaradır. Təəssüflər olsun ki, bunu yaşlılarla yanaşı, cavanlarda da müşahidə edirik. Özünü kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik ilə büruzə versə də, bir çox hallarda gizli baş verir.

Bəs ürək tutmasına səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ürək-damar cərrahı uzman, doktor Seymur Məmmədov bildirdi ki, ürək tutması, ürəyin normal fəaliyyətini qəfildən dayandırması və qan dövranının pozulması nəticəsində yaranır.

"Bu, adətən, ürəyin elektrik sistemindəki bir problem səbəbindən baş verir və ürəyin qanı düzgün şəkildə vurmasını dayandırır. Ürək tutması insanın huşunu itirməsinə, nəfəs almamasına və müalicə edilməzsə, ölümə səbəb ola bilər. Ürəyin ritm pozğunluqları, ürək çatışmazlığı, anadangəlmə qüsurlar, klapan problemləri, ürəyin zəif fəaliyyəti nəticəsində kifayət qədər qan vurmaması kimi halların çoxu müalicə edilməzsə və ya ilkin yardım göstərilməzsə, qəfil ölümlə nəticələnə bilər".

Həkimin sözlərinə görə, ürək ilə əlaqəli şikayətləri müəyyən etmək üçün bir neçə əsas simptom və işarəyə diqqət yetirmək lazımdır.

"Bu əlamətlər bəzən fərqli xəstəliklərə bənzəsə də, ürək problemlərini göstərə bilər. Sinə ağrısı, sıxılma və ya yanma hissi kimi xarakterizə edilə bilər. Bu ağrı bəzən çiyinlərə, boyuna və ya qollara yayıla bilər. Nəfəs darlığı yaşamaq da ürək problemlərini göstərə bilər. Bu, ürək çatışmazlığı və ya digər ürək xəstəliklərinin əlaməti ola bilər. Ürəyin normadan tez və ya yavaş döyünməsi, döyüntülərdə nizamsızlıqlar infark riskini artırır. Yaşlılar, təzyiq xəstələri, siqarət çəkənlər, genetik olaraq, yəni ailə üzvlərində erkən yaşda ürək xəstəlikləri olubsa, bu cür risklə üzləşmə halları çoxdur". 

S. Məmmədov qeyd etdi ki, ürək xəstəliklərindən qorunmaq üçün sağlam həyat tərzi sürmək və risk faktorlarını nəzarətdə saxlamaq çox vacibdir. 

Türkan İSGƏNDƏRLİ

Seçilən
102
26
redaktor.az

10Mənbələr