Dönərlərlə bağlı yeni qaydalara görə, çiy dönərin emalı üçün istifadə edilən ət ancaq AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs yeni qaydalar dönərlərin qiymətinə necə təsir göstərəcək?
Bu barədə iqtisadçı Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, qida qəhlükəsizliyi məsələsinin vacibliyini və prioritetliyini nəzərə aldıqda müvafiq dövlət nəzarət mexanizmlərinin tətbiqi zəruri və labüddür. Qida Təhlükəsizliyi Agentliyi bu sahəyə cavabdehlik daşımalıdır:
"Qiymətlərin dəyişməsinə gəldikdə isə, düşünürəm ki, əgər Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini şəffaf və effektiv qurarsa, onda keyfiyyətli məhsullar üzrə qiymətlərdə hansısa önəmli dəyişikliklərin şahidi olmayacağıq. O ki, qaldı keyfiyyətsiz, müvafiq standartlara cavab verməyən məhsullara, onlar təbii olaraq bazara buraxılmamalıdır. Əgər varsa, bazardan çıxarılmalıdır və bununla bağlı müvafiq işlər görülməlidir. Amma biz keyfiyyətli məhsulların hansısa süni şəkildə qiymətlərinin artırılması ehtimalını təhlil ediriksə, bu, şübhəsiz ki, AQTA-nın fəaliyyətinin şəffaf və effektivliyindən, müvafiq nəticələrdən asılı olacaq".
Sevinc İBRAHİMZADƏ