AZ

“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı olub - VİDEO

Noyabrın 4-də Qərbi Azərbaycan İcmasının (QAİ) Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri Fərrux Rüstəmovun müəllifi olduğu “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib.

O bildirib ki, kitab həm tarixi, həm də siyasi baxımdan çox əhəmiyyətli vəsaitdir.

Kitabın ön sözünün müəllifi, İcmanın Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, Əməkdar müəllim Əvəz Ələkbərov ADPU-nun rektoru, professor Cəfər Cəfərov, kitabın rəyçisi, filologiya elmlər doktoru, professor Yaqub Babayev, İcmanın Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Əməkdar elm xadimi Nizami Cəfərov çıxışlarında bu cür kitabların nəşrinin Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan əhəmiyyətini vurğulayıblar.

Sonda çıxış edən müəllif Fərrux Rüstəmov bu kitabı məhz Prezident İlham Əliyevin Sərəncamından və onun elmə, təhsilə yüksək qayğısından ilham alaraq alim-vətəndaş borcunu yerinə yetirmək amalı ilə ərsəyə gətirdiyini vurğulayıb. Müəllif bu cür tədqiqatların bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinədək İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya, gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, şagird-müəllim heyəti, kişi gimnaziyasının təşəkkülünü və inkişafını şərtləndirən amillər haqqında geniş məlumat verilib, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilib.

Kitabın ideya müəllifi sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərlidir.

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr