AZ

Trampın qələbəsinin Avropaya növbəti zərbəsi - Enerji şirkətlərinin səhmləri 10 %-dək ucuzlaşdı

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Avropanın təmiz enerji şirkətlərinin səhm dəyərlərində azalma qeydə alınıb.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Trampın yenilənə bilən enerji və iqlim siyasətinə dəstəyi azaltma ehtimalı investorları narahat etdiyi üçün bu eniş müşahidə olunub.

Tramp, prezidentliyinin ilk günündə icra əmri ilə dənizdəki külək layihələrini ləğv etmək və Co Bayden dövründə tətbiq edilən iqlim tənzimləmələrini geri qaytarmaq niyyətində olduğunu bildirib. Onun bəyanatlarına, ABŞ-ın Paris Razılaşmasından çıxması və Baydenin təmiz enerji texnologiyalarına subsidiyalar verən "İnflyasiyanın Azaldılması Qanunu"nu ləğv etməsi də daxildir.

Dünyanın ən böyük dəniz külək layihələri inkişaf etdiricisi olan "Orsted"in səhmləri 10 %, külək turbinləri istehsalçıları "Vestas" və "Nordex"in səhmləri isə müvafiq olaraq təxminən 8 və 6 % azalıb.

"Alphavalue" analitiki Pier-Aleksandr Ramonden bu vəziyyətlə bağlı “Əsas mesaj, qeyri-müəyyənliyin geri döndüyüdür,” deyə şərh verib.

Tələbdə artım gözləntisi

"Deutsche Bank" müştərilərinə göndərdiyi hesabatda “Təşviqlərin tamamilə ləğv edilməsi Konqresdən asılı olacaq, lakin mühüm dəyişikliklər mümkündür,” ifadəsinə yer verib. Hesabatda tikintisinə başlanılan layihələrin davam etmə ehtimalının yüksək olduğu, lakin Trampın siyasətinin, 2029-cu ildən sonra tamamlanması gözlənilən bəzi dəniz külək layihələrini gecikdirə biləcəyi qeyd edilib.

Bütün bunlara baxmayaraq, "Vestas" və "Orsted" çərşənbə axşamı günü ABŞ-da yaşıl enerjiyə olan tələbin, prezident kim olur-olsun, artmağa davam edəcəyini açıqlayıblar. "Nordex" də ABŞ quru külək bazarına nikbin yanaşdığını ifadə edib, lakin şirkətin sözçüsü qeyri-müəyyənlik səbəbindən müştəri qərarlarında mümkün gecikmələri qəbul etdiklərini bildirib.

Qeyd edək ki, külək aktivləri olan "RWE"nin səhmləri 3,4 %, "EDP Renovaveis" isə 7,7 % dəyər itirib. "Vestas", "Orsted" və "EDP" isə pan-Avropa STOXX 600 indeksində ən çox dəyər itirənlər arasında yer alıb.

Rəhim

Seçilən
46
1
valyuta.az

2Mənbələr