İspaniya polisi və gömrük xidməti Ekvatordan banan konteynerində gətirilən 13 ton kokaini Alxesiras limanında ələ keçirib. Bu barədə El Mundo nəşri məlumat yayıb.
Bakuinfo.net xəbər verir ki, məlumata görə, bu narkotik partiyası ölkədə 2023-cü ilin yayından bəri ən böyük miqdarda müsadirədir. Həmin vaxt eyni limanda 9,5 ton kokain ələ keçirilmişdi.
Nəşrin bildirdiyinə görə, narkotik yüklərdən biri Alikante vilayətində yerləşən bir şirkət üçün nəzərdə tutulmuşdu. Son məlumatlara əsasən, istintaq çərçivəsində Tolido şəhərində bir şübhəli saxlanılıb.
Xatırladaq ki, İspaniya hüquq-mühafizə orqanları bir müddət əvvəl Yeni Dünyadan Avropaya narkotik qaçaqmalçılığı ilə mübarizə əməliyyatı çərçivəsində Barselona limanında Paraqvaydan gətirilən düyü konteynerlərində dörd tondan çox kokain aşkarlamışdı.