Azərbaycan bayrağı artıq bütün torpaqlarımızda əbədi dalğalanacaq
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi 1991-1993-cü illərdə qəbul olunan bir çox tarixi qərarlar ölkəmizin əsil müstəqilliyinə aparan yolda atılmış mühüm addımlar olmuşdur. O cümlədən Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən bir il əvvəl, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra yenə də Ulu Öndərimizin təşəbbüsü ilə Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Ümummilli Liderimiz dövlət bayrağına yüksək ehtiramın göstərilməsinin zəruri olduğunu qeyd edərək demişdir: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Məlum olduğu kimi, ölkəmizdə Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın əsasını məhz bu üç təməl prinsipi təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq şəkildə göstərir. Dövlətimizin başçısı dövlət bayrağına sonsuz ehtiramını ifadə etdiyi bu fikirlərində aşkar şəkildə bildirmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Bu gün isə Azərbaycan Bayrağı həm də işğaldan azad edilmiş ərazilərimizdə - Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xankəndidə və digər şəhərlərimizdə, kənd və qəsəbələrdə dalğalanır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda ucaltdığı müqəddəs Bayrağımız başımızın üzərində əbədi olaraq dalğalanacaq!
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri