COP29-a sayılı günlər qalıb. Dünyada ən böyük tədbirlərdən biri, hətta birincisidir desək, daha doğru olar. Həm əhəmiyyətinə, həm də iştirakçı sayına görə. Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi bir vətəndaş olaraq bizi qürurlandırır. Eyni zamanda ölkəmiz üçün faydalı olduğunu da anlayırıq. Ümumiyyətlə, turizmin inkişafını özü üçün prioritet elan edən və bu sahədə böyük potensialı olan Azərbaycan kimi ölkələr nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməyi özləri üçün fürsət bilirlər. O səbəbdən ki, belə tədbirlər hər şeydən əvvəl ölkənin tanıtımına töhfədir. Biz bunun bir neçə dəfə şahidi olmuşuq. Bakıda keçirilən "Eurovision-2012"-dən (onda bu tədbir indiki kimi hörmətsiz deyildi) bir müddət sonra bir qrup jurnalistlə Çexiyada səfərdə idik. Bizi paytaxt Praqanın bir neçə kilometrliyində yerləşən bir qəsəbəyə qaz əti qonaqlığına aparmışdılar. Yeməkxana sahibi kök bir çex idi. Söhbət əsnasında hansı ölkədən gəldiyimizi, adətlərimizi soruşdu. Nə qədər Azərbaycan, Qafqaz ölkəsi, neft, qaz-filan desək də, kişi bir şey başa düşmədi. Birdən mən "Eurovision" deyəndə, qışqırdı ki, "ooo, yes, Baku". "Qardaşoğlu Bakıda o tədbirdə olub, çox danışıb qonaqpərvərliyinizdən. Söz verib, məni də aparacaq Bakıya" - dedi. 2016-da Avropa oyunları, 2017-də İslam oyunları son nəticədə 2018 və 2019-da əməlli-başlı turizm bumu yaratdı ölkəmizdə. Amma... Amma bu gün turizm adına əlimizdə heç nə yoxdur təəssüf ki. Qonşu Gürcüstan və hətta Ermənistan belə bu sahədə bizi vurub keçib. Bizdə isə turizm Bakıdan kənara çıxa bilməyib. Bu günlərdə Azərbaycana gələn turistlərin 80 faizinin paytaxtda qonaqlaması ilə bağlı yayılan statistika da bunu göstərir. Səbəblər çoxdur, pandemiya, sərhədlərin bağlı olması, və.s. Lakin bu sahənin mütəxəssisləri də təsdiq edər ki, bunlar, sadəcə, bəhanədir, səbəb deyil. Sanki gözəgörünməz bir əl Azərbaycanda turizmin inkişafının qarşısına qalın bir sədd çəkib, irəliləməyə imkan vermir İndi milyonlar xərcləyirik, olmazın əziyyətlərə dözürük ki, COP bizə çoxlu sayda turist gətirəcək, ondan xeyir görəcəyik, ölkəmiz tanınacaq və s. Amma əlimizdə bugünkü kimi 0 nəticə qalacaqsa, onda bu qədər əziyyətə, xərcə dəyərmi?!Yenə də Allah utandırmasın, layiqi ilə, xətasız-bəlasız yola verək bu mötəbər tədbiri. Və arzulayaq ki, əvvəlkilərdən fərqli olaraq bu tədbirin nəticəsi nəticəsizlik olmasın...
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta