AZ

Elmar Baxşıyev: “Bizi aşağı pillələrdə görürdülər”

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Ağır oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə və dinamika göstərdi. Qələbə qazandıq, yolumuza davam edirik. Qarşıdakı oyuna hazırlaşırıq, komandamı təbrik edirəm. Yaxşı performans göstərdilər. Zədəli futbolçular da bizə qoşulandan sonra daha da yaxşı oyun nümayiş etdirəcəyik.

– Komanda ikinci hissədə daha yaxşı oynadı. Plan belə idi?
– Çalışırıq ki, heç bir rəqibə “ikinci nömrə”dən oynamayaq. Öz üslubumuz var. Birinci hissədə bəzi epizodlarda rəqib, bəzilərində biz üstün olurduq. İkinci hissədə irəlidə yaradıcılığı, hərəkəti artırdıq və keyfiyyətli olduq.

– Qara Qarayevin durumu nə yerdədir?
– Sərəncamımda olan bütün futbolçulara güvənirəm. Qara bura sırf Qara Qarayev kimi gəlməyib. Klub olaraq ona dəstək olduq və o, bunu bizə qaytarmalıdır. Qara xarakterli futbolçudur. Getdikcə daha yaxşı olacaq.

– Bəxtiyarın zədəsi necədir?
– Yüngül mikro travmadır. Qarşıdakı günlərdə bərpa olunacaq.

– Turnir cədvəlində yalnız “Qarabağ”dan geri qalırsız. Avrokuboklar haqda danışmaq tezdir?
– Bu komandanı yığanda bizi aşağı pillələrdə görürdülər. İndiki vəziyyət komandamızın maksimumu deyil. Daha yaxşı ola bilər. Əsas hədəf ikinci dövrədə yaxşı olmaqdır. Avrokuboklara düşmək kimi bir qarşımızda məqsəd yoxdur. Hədəfimiz növbəti oyunları düşünməkdir. Avrokuboklara düşsək, yaxşı olacaq, düşməsək də, deməli qismətimizdə yoxdur.

Şahin Cəfərov

Seçilən
11
futbolpress.az

1Mənbələr