Bursada Beynəlxalq Dostluq Şahmat Turniri keçirilib
8 Noyabr – Zəfər Günü və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anım Günü ilə bağlı Bursa şəhərində Beynəlxalq Dostluq Şahmat Turniri keçirilib.
Yarış Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” Dərnəyi (AZER DEDE) və Türkiyə Şahmat Federasiyasının Bursa şöbəsinin təşkilatçılığı, Bursanın Nilüfər Bələdiyyəsi, eləcə də Rayon Gənclik və İdman Müdirliyinin ev sahibliyi və dəstəyi ilə baş tutub.
“Azərbaycan Deyincə” ( AZER DEDE) Dərnəyinin sədri Hüseyn Vəliyevin verdiyi məlumata əsasən şəhərin Nilüfər Şahmat Evində keçirilən turnirdə Türkiyə və Azərbaycan idmançıları ilə yanaşı qardaş Özbəkistan, Qazaxıstan və Qırğızıstandan Böyük Zəfərimizin simvolik rəqəminə uyğun olaraq 44 şahmatçı qalib adı uğrunda mübarizə aparıb.
Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı digər Türk dünyası ölkələrinin bayraqları ilə bəzədilmiş zalda gerçəkləşən turnirin açılış mərasimində Türkiyə Şahmat Federasiyasının Bursa vilayəti üzrə təmsilçisi Mehmet Durak son illər ölkənin elm, texnika və sənayenin bütün sahələrində olduğu kimi, şahmatda da türklərin dünya miqyasında əldə etdikləri böyük nailiyyətlər haqqında məlumat verib, İkinci dəfə keçirilən bu turnirin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.
İştirakçılara salamlayaraq, onlara şanlı Qarabağ Zəfəri və bu tarixi hadisənin Türk dünyası üçün əhəmiyyəti haqqında danışan “AZER DEDE” Dərnəyinin sədri Hüseyn Vəliyev iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət” və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarını xatırladıb, şahmatın insanların həyatındakı əhəmiyyəti və bu oyunun ictimaiyyət arasında daha da yayılmasının zəruriliyini vurğulayıb.
Türk dövlətlərinin birlik və bərabərlikləri naminə, iqtisadi-siyasi əlaqələrlə yanaşı bütün idman növləri üzrə dostluq oyunlarının ənənəvi şəkil almasını tövsiyə edərək, bu yönümdə aidiyyatı qurum və təşkilatların da köməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edən H.Vəliyev turnirin iştirakçılarına uğurlar arzulayıb.
O, turnirin keçirilməsində göstərdikləri dəstəyə görə Nilüfər Bələdiyyəsinə, eləcə də digər təşkilatçı qurumlara, zəhməti olan hər kəsə rəhbəri olduğu dərnək kollektivi, eyni zamanda Azərbaycan xalqı adından minnətdarlığının bildirib.
Bu idman növü üzrə bir çox rekorda imza atan, dünyada şahmat üzrə ən gənc “böyük usta” adını qazanmış 13 yaşlı Yağız Kaan Erdoğmuş və Türkiyənin 15 yaşlı bir nömrəli şahmatçısı Ediz Gürelin turnirə qatılması iştirakçıların böyük coşqu və sevincinə səbəb olub.
Dörd turdan ibarət turnirin sonunda bütün oyunçulara xatirə medalları, ölkələri təmsil edən komandaların kapitanlarına isə əlavə olaraq kuboklar təqdim edilib.
Azərbaycan komandasının kubokunu yığmanın 8 yaşlı kapitanı, Ağstafa doğumlu Engin İsmayılov təhvil alıb.
Qeyd edək ki, turnirə Bursa şəhəri Nilüfer rayon Bələdiyə Başkanı müavini Okan Şahin, Nilüfər Rayon Gənclik və İdman müdiri Hülya Akgül, Dünya Türk Təşkilatı Gürsu rayon sədri Cəmaləttin Açar və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıblar.
Akif AĞAYEV