Birləşmiş Ştatlarda keçirilən Prezident seçkilərinin nəticələrinə görə artıq Donald Trampın Ağ Evə yenidən qayıdışını qeyd etmək olar. Donald Tramp öz çıxışında bu qələbəni siyasi bir qələbə adlandırıb, seçkilərin nəticələrinə görə Tramp Ağ evi, Respublikaçılar isə Senatı demokratlardan geri aldılar.
Beləliklə həm ABŞ, həm də qlobal səviyyədə yeni dönəmin başlanacağını qeyd edə bilərik, artıq bir çox dünya liderləri Donald Trampı bu tarixi qələbə münasibəti ilə təbrik edib.
2025-ci ildən ABŞ-ın 47-ci Prezidenti kimi vəzifəsinin icrasına başlayacaq Trampı qarşıdakı 4 ildə həm ölkə daxilində, eyni zamanda ABŞ qarşısında duran qlobal problemlərin həlli gözləyir.
Qələbə münasibəti ilə bir sıra Avropa ölkələrinin dövlət başçıları, əsasən Makron və Şoltsun öz təbriklərində növbəti dönəmdə transatlantik əlaqələrin davam etdirilməsi ilə bağlı gözləntiləri vurğulaması, İsrail baş naziri tərəfindən ünvanlanan təbrikdə ABŞ-İsrail müttəfiqliyinə toxunması, ABŞ-dan növbəti dönəm üçün istər Yaxın Şərq, istər Avropanın gələcək təhlükəsizliyi ilə bağlı olan gözləntilərin olmasını bir daha göstərir.
Trampın birinci Prezidentliyi dönəmində NATO-nun genişlənməsinə münasibətindən çıxış edərək demək olar ki, yeni dönəmin transatlantik inteqrasiya baxımından ciddi çağırışlarla müşaiyət olunma ehtimalı çox yüksəkdir. Avropalı liderlərinin son günlər qitənin gələcək təhlükəsizliyinin taleyi ilə bağlı açıqlamaları və təbrik məktublarında bu məsələyə vurğu etməsi transatlantika istiqamətində ciddi çağırışların ola biləcəyində xəbər verir.
ABŞ daxilində isə bu seçkilərin əsas uğuru kimi həm də hakimiyyətin Demokratlardan Respublikaçılara dinc yolla ötürülməsi ciddi bir siyasi uğur kimi vurğulanır.
Ehtimal etmək olar ki, Trampın daxili siyasətindən daha çox ABŞ-ın iqtisadi qüdrətinin artırılması və miqrasiya ilə sərt mübarizə, qlobal siyasətdən isə dünyada mövcud olan silahlı münaqişələrin müəyyən qədər cilovlanmasını əsas istiqamət olaraq gözləmək olar.
Azərbaycan-ABŞ münasibətləri kontekstində isə qeyd etmək olar ki, yeni dönəmdə ölkələr arasında iqtisadi-ticari, regional təhlükəsizlik və enerji məsələləri əsas ağırlıq mərkəzi olaraq götürüləcək.