AZ

Paşinyan Kobaxidzenin qələbəsini dərhal təbrik etdi- ilginc suallar var...

Image

Əli Orucov: "Qərbin Gürcüstanla bağlı mövqeyi region ölkələri üçün məcburi presedent yaratmır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Macarıstan prezidenti Viktor Orbandan sonra ikinci olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində "Gürcü Arzusu" partiyasının qələbəsi münasibətilə təbrik edib.

"Gürcüstanla münasibətlərin ardıcıl inkişafı Ermənistan hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.

Düşünürəm ki, Gürcüstanda sizin rəhbərliyiniz altında növbəti illərdə və bizim birgə səylərimiz sayəsində Ermənistan və Gürcüstan arasında əməkdaşlıq sabit şəkildə inkişaf edəcək və genişlənəcək.

Ölkələrimiz arasında qurulmuş strateji tərəfdaşlıq ümumi çağırışlarla birgə mübarizə aparmaq və regionumuzu daha sabit, təhlükəsiz və firavan etmək üçün real imkanlar yaradır.", - Nikol Paşinyanın təbrik məktubunda qeyd edilib.

Məlum oldugu kimi, artiq 2018-ci ilədən başlayaraq Ermənistan Qərbə üz tutub, zaman axarında Rusiyadan uzaqlaşir. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan arzulayırdı ki, Gürcüstanda prezident Zurabişvilinin rəhbərlik etdiyi Qərb yönümlü müxalifət bloku qalib gəlsin. Amma göründüyü kimi, nəticələr bu arzunun tam tərsini sərgilədi. Gürcüstanda ruspərəstliyi ilə tanınan baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi "Gürcu arzusu" partiyasi qalib gəldi.

Elə isə, Paşinyan Gürcüstanda "Gürcü arzusu"nun qələbəsini niyə dərhal təbrik etdi? O, məgər Qərbin dostu deyil? Qorxmadı ki, Qərb onu qınayar?

Məsələni şərh edən politoloq Əli Orucov bildirdi ki, Gürcüstanda keçirilən son parlament  seçkiləri ciddi qarşıdurma şəraitində keçdi və bu gərginliklər mübahisələrə yol açdı: "Bu seçkilər daha çox Qərblə Rusiya arasında mübarizə kimi də xarakterizə olunmaqdadır. "Gürcü arzusu"nun qələbəsi elan edildikdən dərhal sonra Azərbaycan prezidenti baş nazir İrakli Kobaxidzeni təbrik etdi və işgüzar səfərə dəvət etdi. Ermənistanın baş naziri də gürcüstanlı həmkarına təbrik məktubu ünvanladı. Bu həm də diplomatik və dövlətlərarası etiket normasıdır. Qərbin Gürcüstandakı seçkinin nəticələrini tanımaması heç də o anlamı vermir ki, Tiflusdə hakimiyyət formalaşmayacaq və ölkədə hakimiyyətsizlik hökm sürəcək. Qərbin Gürcüstanla bağlı mövqeyi region ölkələri üçün məcburi presedent yaratmır. Ona görə də Paşinyanın Kobaxidzeni təbrik etməsi Qərblə münasibətlərinə təsir göstərməyəcək.

Bununla yanaşı, Paşinyan çox təcrübəli və hiyləgər siyasətçidir. Paşinyan düşünür ki, onun təbriki Gürcüstanda heç nəyi dəyişə bilməsə də, gələcək hakimiyyətlə münasibətləri davam etdirmək üçun bu, Ermənistana vacib lazımdır. Unutmayaq ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu ölkə Ermənistanın dünyaya çıxışını təmin edə biləcək yeganə dövlətdir.

Ümumiyyətlə, Ermənistanin yalnız iki qonşusu ilə - Gürcüstan və İranla sərhədləri açıqdır. Onlardan biri olan İran Amerika və Avropa ölkələrinin sanksiyaları altında inləyir, onun özünə dünyaya çixış əldə etmək üçün dəstək lazımdır. Ona görə də Gürcüstanda hətta faşist partiyasi hakimiyyətə gəlsə belə, Ermənistan onunla əməkdaşlıq etməyə məhkumdur. Bunu Qərbdə də bilməmiş deyillər. Hətta bəlkə də Paşinyan bu erkən təbriki Qərb himayədarlarının məsləhəti ilə edib".

Dəniz NƏSİRLİ





Seçilən
19
baki-xeber.com

1Mənbələr