AZ

Azərbaycan Gürcüstan üçün də nümunədir

Azərbaycan

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyası qalib gəldi. Seçki nəticələrini qəbul etməyən, seçkinin saxtalaşdırıldığını bildirən müxalifət aksiyalar keçirərək yeni seçkilərin keçirilməsini tələb edib. Hətta həmin aksiyalarda Prezident Salome Zurabişvili də iştirak edərək vətəndaşları iştiraka çağırıb.

Milli Məclisin deputatları və siyasi şərhçilər bu məsələ ətrafında fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Azərbaycan Gürcüstan üçün də nümunə oldu”

Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib ki, Gürcüstan müstəqilliyini əldə etdikdən sonra bir neçə hakimiyyət dəyişiklikləri ilə bir çox çətinliklər yaşadı və Mixail Saakaşvilinin hakimiyyəti dövründə sırf Qərbyönümlü siyasət həyata keçirdi: “Sonradan Rusiyada olan problemlər və Qərbin ona vədlər verməsi, arxanda duracağam sözlərini söyləməsi, amma Rusiyanın Gürcüstana hücumu və qısa vaxt ərzində az qala artıq Tbilisiyə gəlib çatması Gürcüstanın 20 faiz ərazisinin işğal olunması ilə nəticələndi”.

Deputat əlavə edib ki, onda da Qərb bir daha Gürcüstana və bütün dünyaya göstərdi ki, sözünün üstündə durmur və bu mənada Gürcüstan bir səbəb oldu: “Qərb əslində Gürcüstan vasitəsi ilə Rusiya ilə rəqabətini davam etdirdi. Gürcüstan burada yalnız “günah keçisi” obrazında istifadə olundu. Yenə də bundan sonra hakimiyyət Avropa İttifaqının üzvülüyü ilə bağlı müraciət etməsi, Qərbyönümlü siyasəti ilə davam etməyə çalışdı, amma artıq Rusiya-Ukrayna müharibəsi, digər yerlərdə olan lokal müharibələr, dünyada yeni siyasi konfiqurasiyanın formalaşması Gürcüstanın siyasi hakimiyyətini bu məsələlərə yenidən baxmağa sövq etdi. Gürcüstan anladı ki, yalnız milli maraqlara söykənən siyasətlə uğur qazanmaq olar. Bu mənada Azərbaycan Respublikası və onun Prezidentinin uğurlu, çevik, qətiyyətli, dinamik, ağıllı siyasəti bir növ Gürcüstan üçün də nümunə oldu”.

V.İskəndərov həmçinin vurğulayıb ki, Qərb, ABŞ və Avropanın bir çox ölkələri tərəfindən seçki nəticələrinin tanınmaması və Gürcüstana edilən təzyiqlər göstərdi ki, Qərb yalnız Gürcüstandan bir alət kimi istifadə etmək məqsədindən əl çəkməyib.

O qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili konkret Qərbin adamı kimi indiyə qədər hakimiyyət dövründə hökumətlə, baş nazirlərlə indiki İrakli Kobaxidze ilə bir konvertasiya halında fəaliyyət göstərdi: “Fransa vətəndaşı olan S.Zurabişvili seçkidən sonra seçkinin saxtakarlıqla keçirildiyini, nəticələrini tanımadığını və xalqı meydanlara səsləməsi ilə bir növ Gürcüstan daxilində çaxnaşmalar yaratmaq məqsədini ortaya qoydu. Gürcüstan hakimiyyəti Zurabaşvilinin bu açıqlamalarına görə konkret faktları təqdim etməsi üçün onu Gürcüstan Respublika Prokurorluğuna dəvət etdi, Prezident isə ifadə verməkdən imtina etdi. Bütün proseslərin fonunda təbii olaraq Gürcüstanda hazırda siyasi təlatüm davam edir. Düzdür, hakimiyyət artıq seçki nəticələrini konkretləşdirib, rəqəmlər ortadadır. Gürcüstan Parlamenti fəaliyyətinə davam edəcək. Problemlərlə bağlı araşdırmalara da başlanılıb və ümumi gedişlərə baxsaq hələlik gərginlik davam edir”.

V.İskəndərov əlavə ki, ölkə Prezidenti ilə hökumət arasındakı dərin uçurum xalqın da bir neçə yerə bölünməsinə gətirib çıxardır: “Müxalifət də, ölkə Prezidenti də seçki nəticələrini tanımadığını bildirir. Lakin ilk cəhddə insanların küçələrə çıxarılması və mitinqlərə başlaması ilə hiss olundu ki, elektorat daha çox “Gürcü Arzusu” ətrafındadır. Artıq gürcü xalqı stabilliyə, torpaqlarının işğaldan azad olunmasına və inkişafa səs verib”.

“Mitinqlərin əsl təşkilatçıları Gürcüstanda deyil”

Milli Məclisin deputatı Sahib Alıyev Gürcüstanda keçirilən mitinqlərin əsl təşkilatçılarının Gürcüstanda olmadığını və bu mitinqin keçirilməsini Salome Zurabişvili vasitəsi ilə sifariş edənlərin bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranlar olduğunu deyib.

Deputat əlavə edib ki, onları qətiyyən Gürcüstanda demokratiya, söz azadlığı və gürcü xalqının əmin-amanlığı maraqlandırmır: “Onları maraqlandıran budur ki, Gürcüstanın başında təsirləri altında olan bir hakimiyyət dayansın və o hakimiyyət öz milli maraqlarından deyil, onların geosiyasi istəklərindən çıxış etsin. Belə mitinqlər birinci dəfə deyil. Bu vəziyyət Gürcüstanda 2020-ci ilin parlament seçkisində də yaranıb. Müxalifət seçkinin nəticəsini tanımadığını bildirərək davamlı mitinqlər keçirdi, sonra isə elə həmin Qərbdəkilərin diqtəsi ilə parlamentdə əyləşdilər. Ümid edirəm ki, eyni vəziyyət yenə də təkrarlanacaq”.

S.Alıyev vurğulayıb ki, bizə dost dövlət olan Gürcüstanda sabitlik, əmin-amanlıq lazımdır: “Bizim istəyimiz bölücü xətlər çəkənlərdən tam fərqli olaraq gürcü xalqını doğrudan da firavanlıq içərisində görməkdir və həmçinin Gürcüstan hakimiyyətinin öz milli maraqlarından çıxış etmək imkanının olmasıdır. Gürcüstandakı hakimiyyət nə dərəcədə öz milli maraqlarından çıxış edəcəksə, bu, regionda əməkdaşlığın daha da dərinləşməsi, genişlənməsi, ümumiyyətlə, müsbət ab-havanın yaranması baxımından bir o dərəcədə əhəmiyyətli olacaq. Ən azından biz öz dövlətimizin, öz xalqının maraqlarına dayanaraq siyasət yeridən öz hakimiyyətimizin atdığı addımlardan görürük ki, bu həm Azərbaycan, həm də bütövlükdə region üçün nə qədər faydalıdır. Yəni bizim Gürcüstdandakı seçki prosesinə yanaşmamız da, oradakı böhran yaratmaq cəhdlərini tənqidimizin də arxasında duran məhz budur”.

“Həlledici söz sahibi gürcü xalqıdır”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Gürcüstanda seçkilərin nəticələrinə başlanan etirazların əslində Qərbin cari situasiyaya münasibəti olduğunu bildirərək əlavə edib ki, sirr deyil ki, son 20 il ərzində Qərb imperializmi Gürcüstanda möhkəmlənmiş istər vətəndaş cəmiyyəti institutları, istərsə də hakimiyyətin müxtəlif qollarında dayaqlar yaradaraq bu ölkədə ciddi təsir imkanları formalaşdıra bilib: “Qərbin Gürcüstanın daxili yurisdiksiyasında olan məsələlərə davamlı formada qarışmaq və proseslərin axarını dəyişmək istiqamətində davamlı fəaliyyətlərinin ardınca Gürcüstan hakimiyyəti bu gedişatı dəyişmək üçün tədbirlərə start vermiş, bu isə öz növbəsində 5-ci kalonun ciddi etirazları ilə qarşılanmışdır. Xüsusən qeyri-hökümət təşkilatlarının maliyyələşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik və bu istiqamətdə şəffaflaşdırma tədbirlərinə vətəndaş cəmiyyəti institutlarının və Gürcüstan müxalifətinin etirazları fonunda Qərbin Gürcüstan hakimiyyətinin yaratmaq istədiyi reallıqlarla barışmayacağı aydın idi. Bu mənada onlar Gürcüstandakı seçkilərə fürsət kimi baxır və reallıqları ya seçki yolu ilə, ya da seçki sonrası ixtişaşlarla dəyişməyə ümid edirdilər”.

Deputat əlavə edib ki, baş qaldıran və gürcü xalqının iradəsi ziddinə olan etirazlar məhz aidiyyəti ssenarinin bir hissəsidir: “Təbii ki, Gürcüstanın taleyi ilə bağlı məsələlərdə həlledici söz sahibi gürcü xalqıdır. Biz də proseslərin gedişatında çox sıx əlaqələrimizin olduğu qonşu dövlətdə məhz bu ölkənin vətəndaşlarının iradəsinin təntənəsini arzu edirik”.

“Gürcüstandakı parlament seçkilərindən sonra mitinqlərin olması gözlənilən idi”

Politoloq Turab Rzayev Gürcüstandakı parlament seçkilərindən sonra mitinqlərin olmasını, Prezident Salome Zurabişvilinin vətəndaşları aksiyada iştiraka çağırmasını, daha əvvəldən proqnozlaşdırılan bir məsələ olduğunu qeyd edərək Prezidentin belə bir addım atacağının güman edildiyini bildirib.

Politoloq diqqətə çatdırıb ki, indiyədək də fərqli məsələlərdə hakimiyyətdaxili böhran yaşanmışdı: “Yəni baş nazirlə, “Gürcü Arzusu” Partiyası, Prezident arasında Mixail Saakaşvilinin əfv olunması, xarici agentlər haqqında qanun, Rusiyaya təyyarə reyslərinin bərpa olunması və vizaların ləğv edilməsi ilə bağlı məsələlərdə fikir ayrılıqları vardı. Hətta həmin dövrdə Prezident açıq şəkildə əhalini Gürcüstan Hava Yollarını baykota çağırmışdı”.

T.Rzayev S.Zurabişviliyə qarşı impiçment məsələsinin ortaya atılmasına səbəbin onu bu cür addımlardan çəkindirmək olduğunu düşündüyünü diqqətə çatdırıb: “Ancaq biz elə görürük ki, Zurabişvili öz mövqeyində qərarlıdır. Çünki Gürcüstanda faktiki olaraq Qərb-Şərq müharibəsi gedir. Onu da nəzərinizə çatdırım ki, Gürcüstanda stabilliyin olması bölgə üçün vacib şərtdir”.

T.Rzayev həmçinin deyib ki, ABŞ və Avropa İttifaqı Gürcüstana tələb edir ki, Gürcüstan Rusiya ilə münasibətləri dayandırsın, inkişaf etdirməsin, Qərbə inteqrasiya etsin, digər tərəfdən Rusiya tələb edir ki, Gürcüstan Qərblə əlaqələrini kəssin: “Onun üçün də Rusiyaya, Qərbə, ABŞ-yə yaxın qüvvələr arasında açıq mübarizənin başlayıb. Məhz ona görə də S.Zurabişvili və digər müxalifətdə, hətta iqtidarda olan qərbpərəst namizədlər açıq şəkildə hökumətə qarşı çıxışa başlayıblar. Bu da hakimiyyət böhranı yaradır. Faktiki olaraq Prezident qərbpərəstdir, ABŞ-yə meyillidir, Rusiyaya qarşı mübarizə elan edir. Hökumət baş nazir İrakli Kobaxidze ilə isə ölkənin inkişafının Rusiya və Çinlə iqtisadi əməkdaşlıqda olduğunu deyir, ABŞ və Avropa İttifaqını tənqid edir. Həmçinin müxalifət hazırda parçalanıb, qərbpərəst müxalifət hazırda özü də hissə-hissədir, vahid lider yoxdur, M.Saakaşvili həbsdədir. Ona görə də S.Zurabişvili bu halda çalışır ki, ölkədə liderliyi ələ alsın və vahid qərbpərəst qüvvələrin lideri olsun. Yəni burada təkcə məsələ müxalifətlə bir arada görünmək deyil, Prezident, eyni zamanda, bütün ABŞ və Avropa İttifaqı tərəfdarı olan qüvvələri birləşdirib, Rusiyaya qarşı mübarizə aparmağa çalışır”.

“Moskva əlindən gələni edəcək”

Siyasi şərhçi Turan Rzayev seçkilərin nəticələrinin müxalifət tərəfindən qəbul edilməyəcəyinin və aksiyaların olacağının öncədən gözlənildiyini bildirib: “Burada təəccüblü nə isə yoxdur. Yenə təbii olaraq müxalifət seçki nəticələrini qəbul etmir, bildirir ki, seçki saxtalaşdırılıb. Artıq bir neçə gündür ki, Tbilisinin mərkəzində parlament binasının qarşısına toplanan aksiya iştirakçıları tələblər irəli sürür. Gürcüstan Prezidenti seçkilərin saxtalaşdırıldığını iddia edib və nəticələri tanımayıb. Aksiyalar da məhz bundan sonra başlayıb. Bilinənin əksinə hakim partiyanın qələbə qazanacağı bəlli idi. Gürcüstanda hakim partiyanın kifayət qədər çox dəstəkçisi var. Gürcü Arzusu 53,93 faiz səslə qalib gəlib”.

T.Rzayev qeyd edib ki, hazırkı proseslər göstərir ki, Qərb Gürcüstana təzyiq yolunu seçib: “Lakin bunun nəsə dəyişiklik yaratması real deyil. Belə olarsa, Qərb Tbilisi ilə uzlaşma yoluna gedə bilər. Mövcud vəziyyət Rusiyanı məmnun etsə də, “Gürcü Arzusu” Kreml ilə buzları tez bir zamanda əritməyəcək. Moskva Tbilisini yenidən qazanmaq, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək. Gürcü Arzusu isə Azərbaycanın illərdir tətbiq etdiyi balans siyasətinin bənzəri bir kurs izləyə bilər”.

Röya İsrafilova

Seçilən
30
xalqcebhesi.az

1Mənbələr