Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “Zauber” komandası mövsümün sonunda iki pilotu ilə vidalaşacaq.
Arena.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Valtteri Bottas və Jou Quanyu İsveçrə təmsilçisini tərk edəcəklər.
Əvəzində, hazırda “Haas”da yer alan Niko Hulkenberq yeni mövsümdən “Zauber”ə qoşulacaq.
Sözügedən klub həm də Formula 3 çempionu Qabriel Bortoletonu heyətinə qatdığını açıqlayıb. 20 yaşlı sürücü 2025-ci ildə komandaya qoşulacaq. O, 2017-ci ildə karyerasını başa vuran Felipe Massadan sonra Formula 1-də çıxış edəcək ilk braziliyalı olacaq. Bir sözlə, dünya çempionatında 8 ildən sonra braziliyalı pilot mübarizə aparacaq.
Yeri gəlmişkən, Valtteri Bottasın da karyerasını davam etdirə biləcəyi komanda bəlli olub. Bu barədə “Motorsport” nəşri məlumat yayıb. “Zauber”dən ayrılan 35 yaşlı pilot “Mercedes”lə müqavilə imzalamağa yaxındır.
Maraq üçün xatırladaq ki, Valtteri Bottas 2017-2021-ci illər aralığında məhz Almaniya təmsilçisində çıxış edib.
Bottas indiki komandasından ayrılmasının səbəbləri barədə də danışıb. Finlandiyalı sürücü klub rəhbərliyi ilə müzakirələrdən sonra belə qərar verib. Bottas bunun heç də asan olmadığını açıqlayıb:
“Belə situasiyalar heç kim üçün asan deyil. Son həftələrdəki detallı müzakirələrdən sonra layihənin birlikdə inkişafının mümkün olmadığını anladıq. Son illərdə komanda ilə heyrətamiz səfərlər, inkişaf yolu və unudulmaz anlar yaşadıq. Əməkdaşlığa görə təşəkkür edirəm”.
Qeyd edək ki, 35 yaşlı pilot əvvəllər “Alfa Romeo” adlanan bu komandanın şərəfini 2022-ci ildən qoruyurdu.