AZ

Qərbi Azərbaycan Xronikası: “Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə tarix elmlər doktoru, professor Qasım Hacıyev erməni dövlətçilyi tarixinin saxta olmasından, yalnız rusların köməyi ilə erməni dövlətinin yaranmasından söz açır.

Bildirilir ki, ermənilərin Əhəmənilər dövlətində canişinlikləri ləğv ediləndən sonra heç bir ərazidə dövlətləri olmayıb.

Onun sözlərinə görə, Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar: “XIX əsrin əvvəllərində ermənilər Avropada qapı-qapı düşüb vətən yaratmaq xahişi edirdilər. Ermənilərə vətən, Rusiyaya şərq siyasəti lazım idi, ona görə haylar Qafqaza köçürüldülər. Rus imperiyası ermənilərdən bu məqsədlə istifadə edib, ilk dəfə Qafqaza gətirdilər. Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir”.

Professor deyib ki, qədim ərəb-fars mənbələrində bu ərazilər Azərbaycan, Arran adlandırılır, heç yerdə Armeniya/Ermənistan yoxdur: “Ermənilər 70 hökmdar adı qeyd edirlər, heç birinin nə izi, nə də məzarı var. "Böyük Ermənistan" dedikləri parfiyalı Tiqranın Əhəmənilərin tərkibində idarə etdiyi canişinlik idi. 398-ci ildə Roma ilə Bizans arasında torpaqlar bölünəndə Albaniya dövləti mövcudluğunu saxladı, erməni dövlətinin izi belə yox idi”.

Q.Hacıyev sonda erməni saxtakarlığından söz açıb və vurğulayıb ki, elə bir mənbə, xəritə, qədim yazılı yoxdur ki, ona erməni əli dəyəndən sonra saxtalaşdırılmamış qalsın: “Ermənilər Qərbi Azərbaycanda ən azı 2 000 toponimi dəyişdirib, türk-xristian, müsəlman abidələrini dağıdıblar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 6-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Seçilən
24
far.az

1Mənbələr