Respublikaçı Donald Tramp ABŞ seçkilərində qalib gəldi. Bu durumda Respublikaçıların Cənubi Qafqazla bağlı fərqli siyasət yürüdəcəyini düşünmək olar?..
Turan Rzayev: “Onsuz da, sadə amerika xalqı üçün seçkilərin nəticəsinin elə də böyük əhəmiyyəti yoxdur. Amma ən azı bunu şou xarakterli gördükləri üçün daha çox şoumenə üstünlük verdilər”.
“Əsas məsələ odur ki, Tramp məsələlərin həllinə fokuslana bilər. Yəni qarşıdakı 4 ildə münaqişələri qızışdıran ABŞ-dan, daha çox münaqişləri həll etməyə çalışan ABŞ görə bilərik”.
Bu sözləri politoloq Turan Rzayev Trampın qələbəsini Poliqon-a şərh edərkən qeyd edib.
ABŞ-də keçirilən seçkilərdə Respublikaçı Donald Trampın qələbəsi təmin olundu. Ən son məlumatlara görə isə Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanırlar.
Respublikaçıların həm Konqresdə üstünlük qazanmaları, həm də Ağ Evə sahib olmaları ABŞ daxilində və xaricində nələr vəd edir? Xüsusən, Respublikaçıların Cənubi Qafqazla bağlı fərqli siyasət yürüdəcəyini düşünmək olar?
ABŞ-ın bundan sonrakı həm daxili, həm də xarici siyasətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.
Turan Rzayev: “Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərində Trampli ABŞ daha loyal və konstruktiv mövqe sərgiləcəyək, ya da ümumiyyətlə məsələyə o qədər də maraq göstərməyəcək”.
Amerika Ştatları arasında ayrılıqcı fikirlərin yarandığına nəzər salan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu separatçı fikirləri basdırmaq və tendensiyanı yumşaltmaq üçün Tramp layihələr irəli sürə bilər:
“Trampın ABŞ prezidenti seçilməsi əslində gözlənilən idi. Çünki Tramp xarizmatik bir liderdir. O aşağı təbəqəni ələ almağa bacarır. Onsuz da, sadə amerika xalqı üçün seçkilərin nəticəsinin elə də böyük əhəmiyyəti yoxdur. Amma ən azı bunu şou xarakterli gördükləri üçün daha çox şoumenə üstünlük verdilər. Tramp da kifayət qədər yaxşı manipulyasiya etməyi də bacarır və şou tipində seçkini apara bilir, rəqiblərinə qarşı arqumental cavablar yaratmağa bacarır. Bu Trampın birinci üstünlüyüdür.
İkinci məsələ, şübhəsiz ki, Trampın verdiyi vədlər məsələsidir. Tramp Harrisə nəzərən daha tutarlı vədlər verir və nəbz tutmağı bacarırdı. Təbii ki, Trampın dövründə olanları nəzər alsaq, ona insanların sayı kifayət qədər çox idi.
Üçüncü məsələ, Trampın daha hazırlıqlı olması idi. Burada söhbət kampaniya hazırlığından gedir. Harris seçki marafonunun sonunda prosesə qoşuldu və bu qoşulma da təbii olaraq ciddi əksiklik deməkdir. Düzdür, reytinqləri çox yaxın idi, amma seçkinin nəticəsi göstərdi ki, əslində bu çox ciddi faktordur.
Dördüncü və mənə görə ən önəmli məsələ cinsiyyət məsələsidir. Tramp kişidir və amerikanın siyasi elitası daha mühafizkardır. Baxın, bu gün amerikanın əsas tanınan siyasətçilərinə, Senatda olan şəxslərə baxdıqda görürük ki, bir çoxu qocadır və onların böyük əksəriyyəti ötən əsrin siyasətçiləridir. Yəni onların zehniyyəti qadın prezidenti qəbul etmir. Təbii ki, dünyanın müxtəlif yerlərində belə bir təcrübə var. Amma Amerika kimi supergüc bir dövlətin indiki məqamda qadının idarə etməsi çətin görünür.
Bu dörd məsələni nəzərə aldıqda əslində Trampın qələbə qazanacağı bəlli idi.
Turan Rzayev: “ABŞ-ın münaqişələrdə yeri gələndə yumşaq, yeri gələndə sərt mövqe sərgiləcəyini görə bilərik. Bütün bunların hamısı da münaqişənin həlli baxımından diqqət çəkəcək”.
Tramp bundan öncəki prezidentlik dövründə çox mühüm məsələləri həll etməyə cəhd elədi. Bunlardan ən önəmlisi də Amerikanın müxtəlif yerlərindəki qoşunlarının sayını azaltması və geri çəkməsi idi. Hətta, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması Bayden dönəminə düşsə belə, bunun özəyini Tramp qoymuşdu. Buna görə də, əslində bunu da Trampın uğuru kimi qeyd edə bilərik. İndi də bunun davamı gələ bilər.
Əsas məsələ odur ki, Tramp məsələlərin həllinə fokuslana bilər. Yəni qarşıdakı 4 ildə münaqişələri qızışdıran ABŞ-dan, daha çox münaqişələri həll etməyə çalışan ABŞ görə bilərik.
Bildiyimiz kimi ABŞ-ın dünya üzrə xarici borcu çoxdur. Daxildə də işsizlik, sosial problemlər günü-gündən artmaqdadır. Tramp və onun hakimiyyətə gəlməsini təmin edən qüvvələr başa düşür ki, Amerika cəmiyyəti içdən-içə çürüyür. Ən önəmlisi isə artıq Amerika Ştatları arasında ayrılıqcı fikirlər yaranıb. Bu separatçı fikirləri basdırmaq və tendensiyanı yumşaltmaq üçün Tramp layihələr irəli sürə bilər. Əgər ABŞ Çinlə rəqabət aparmaq istəyirsə, daxildəki problemləri həll etməlidir. Bu baxımdan ABŞ-ın münaqişələrdə yeri gələndə yumşaq, yeri gələndə sərt mövqe sərgiləcəyini görə bilərik. Bütün bunların hamısı da münaqişənin həlli baxımından diqqət çəkəcək.
Turan Rzayev: “Cənubi Qafqazada Rusiya qarşısında ABŞ, ABŞ qarşısında Rusiya tandemini yaratmaq təhlükəli ola bilər”.
Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlərdə ciddi problemlər olmamışdı. Baydenlə müqaisədə Trampla münasibətlər daha yaxşı idi. Yəqin ki, sülh müqaviləsinin imzalanması prosesində ABŞ-ı fərqli konteksdə görə bilərik. Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərində Trampli ABŞ daha loyal və konstruktiv mövqe sərgiləcəyək, ya da ümumiyyətlə məsələyə o qədər də maraq göstərməyəcək. ABŞ prseslərin istiqamətini regional həlli vasitəsi kimi bizə yönləndirı bilər. Bu da Rusiyanın meydanda tək qalması deməkdir.
Əslində Ermənistan-Azərbaycan münasibətləri artıq ikili danışıqlar perioduna gedib. Bu baxımdan xarici güclərin əvvəlki kimi prosesdə olmaması, balanslaşdırmaq məsələsi daha aktual deyil. Amma yenə də prosesin sonuna qədər bunu qorumaq lazımdır. Yəni Cənubi Qafqazda Rusiya qarşısında ABŞ, ABŞ qarşısında Rusiya tandemini yaratmaq təhlükəli ola bilər. Bu baxımdan Trampın seçilməsi bizə sərf edə bilər”.
Nərminə UMUDLU
Poliqon.info