Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində 4-cü oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç təmsilçisi “Bodo Qlimt”lə üz-üzə gələcək.
Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesablarıyla məğlub olub. Ardıcıl 3 məğlubiyyət nəticəsində komandamız 36 komanda arasında sonuncu pillədə qərarlaşıb.
“Bodo Qlimt” isə Belçika “Yunion”u ilə səfərdə “sülh” bağladığı (0:0) halda, Portuqaliya nəhəngləri “Portu”ya evdə (3:2), “Braqa”ya səfərdə (2:1) qalib gəlib. Bir sözlə, məğlubiyyət tanımayan rəqibimiz hazırda 7 xalla 9-cu sırada qərarlaşıb.
“Bodo Qlimt” avrokuboklarda ilk dəfə Ağdam klubuna rəqib olur. Lakin Azərbaycan və Niderland klubları indiyədək 8 dəfə üz-üzə gəliblər. Bugünkü matç sayca 9-cu belə duel olacaq.
Birinci belə qarşılaşma 2009-cu ilə təsadüf edib. Hazırda mübarizə apardığı turnirin 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən “Qarabağ” Bakıda rəqibini minimal hesabla üstələyib – 1:0.
Daha sonra “İnter” (hazırkı “Şamaxı”) “Tromse” ilə üz-üzə gəlib. Komandalar 2013/2014 mövsümündə Avroliqanın 2-ci təsnifat mərhələsində görüşüblər. Səfərdə rəqibinə iki cavabsız qollla uduzan təmsilçimiz Bakıda qələbə (1:0) qazansa da, avrokuboklarla vidalaşıb.
“Qarabağ” 12 ildən sonra yenidən Norveç klubu ilə qarşılaşıb. “Köhlən atlar” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde”yə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib – 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə təşkil olunub.
Azərbaycan çempionu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də “Molde” ilə görüşüb. Bakıda qalib gələn (1:0) Ağdam təmsilçisi səfərdəki oyunda heç-heçəyə razılaşıb – 2:2.
Ağdam klubu bu gün tarixində 70-ci avrokubok qələbəsini qazana bilər. İndiyədək 69 qələbə qazanmış çempionumuz son beş görüşdə uduzmaqla yubileyi təxirə salıb.
Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur
7 noyabr
21:45. Bodo Qlimt – Qarabağ
Hakimlər: Luis Qodinyo, Rui Teyşeyra, Pedro Almeyda, Andre Narkizo (Portuqaliya).
VAR hakimləri: Huqo Migel, Fabio Oliveyra Melo (Portuqaliya).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya).
UEFA nümayəndəsi: Tammo Beyshuizen (Niderland).
Bodo. “Aspmira” stadionu.