“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfəri bir çox hadisə ilə yadda qaldı. Dövlətimizin başçısı “Çingiz Aytmatov” ordeni ilə təltif edildi və bu ali mükafata layiq görülməsi onun qırğız yazıçısına ehtiramının bariz nümunəsi idi. Ali mükafat dövlətimizin başçısına Bişkek yaxınlığında, Ala-Arçada yerləşən Çingiz Aytmatovun ev-muzeyini ziyarət edərkən mərhum ədəbiyyat xadiminin oğlu Eldar tərəfindən təqdim edilib. Aytmatovun həyatının son 20 ilini keçirdiyi bu ev 2014-cü ildə ailəsi tərəfindən muzeyə çevrildikdən sonra ilkin formada qorunub saxlanılıb. Prezident İlham Əliyev səfəri zamanı muzeyin fəxri qonaqlar kitabına Aytmatovun dünya ədəbiyyatına və mədəniyyət diplomatiyasına dərin təsirindən bəhs edən təsirli sözlər yazıb. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevdən sitat gətirərək vurğulayıb ki, Aytmatov təkcə Qırğızıstanın fəxri deyil, həm də Türk dünyasının hörmətli şəxsiyyətidir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi Prezident İlham Əliyevin son iki ildə Qırğız Respublikasına üçüncü səfəri olduğunu deyib və hər dəfə də bu ölkədə inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu inkişaf münasibətilə qardaş Qırğızıstanı təbrik edib. Dövlətimizin başçısının TDT Başçılarının 11-ci Zirvə görüşündə çıxışından söhbət açan komitə sədri Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb: “Prezident qeyd edib ki, Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. TDT bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
Ç.Qənizadə ölkə başçısının çıxışına istinadən deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Çünki TDT-nin mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir.
Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa layihələri barədə də məlumat verdiyini diqqətə çatdırıb: “Prezident dedi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. TDT-yə üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Dövlətimizin başçısı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də, tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirdi”.
Ç.Qənizadə tədbirdə 200-ə yaxın ölkənin Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyinin yekdilliklə dəstəkləndiyi barədə məlumat verildiyni diqqətə çatdırıb: “Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmət və dəstəyinin təzahürüdür. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib”.