AZ

İrəvan sülh sazişini digər məsələlərə qatmamalıdır

Son vaxtlar Ermənistan hakimiyyətini təmsil edən bəzi şəxslər Azərbaycan ərazisində həbs edilmiş, ədalət mühakiməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuş şəxslər barədə danışmağa başlayıblar.

Bu istiqamətdə baş nazir Nikol Paşinyanın yaxın adamı, hakim “Mülki müqavilə” partiyasının qurucularından olan parlamentin sədri Alen Simonyanın açıqlaması diqqəti cəlb edir. O, bir neçə gün öncə erməni mətbuatına açıqlamasında deyib: “Azərbaycan və Ermənistan liderləri arasında oktyabrın 24-də Kazanda keçirilən XVI BRICS Sammiti çərçivəsində baş tutan görüş zamanı digər məsələlərlə yanaşı, əsirlər (?) məsələsi də müzakirə olunub”.

Qeyd edək ki, Ermənistan və Rusiya mediasında rəsmi İrəvanın Azərbaycan tərəfinə bir neçə “əsir”in azad olunmasını təklif etdiyinə, bunun müqabilində xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirak etmək üçün Bakıya getməyə hazır olduğunu bildirdiyinə dair yazılar dərc olunmuşdu. Ermənistan parlamentinin sədri isə verdiyi açıqlama ilə faktiki olaraq mətbuatda yayılan məlumatı dolayısı ilə təsdiqləmiş oldu. Həmçinin, onun sözlərinə görə, Ermənistan baş naziri və Azərbaycan Prezidenti sülhün bərqərar olması və kommunikasiyaların açılmasını müzakirə ediblər. Simonyanın sözlərindən məlum olur ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Kazanda bir saata yaxın müzakirə aparıblar.

Deyəsən, “hərbi əsirlər” mövzusunda danışmaq üçün növbə Ermənistanın Rusiya Federasiyasındakı yeni səfiri Qurgen Arsenyana çatıb. Ermənistan prezidentinin cəmi bir neçə ay öncə, daha doğrusu, avqustun 14-də imzaladığı sərəncamla səfir vəzifəsinə təyin olunan, noyabrın 5-də etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edən Arsenyan mərasimdən sonra jurnalistlərə müsahibəsində diplomat kimi statusuna uyğun gəlməyən fikirlər səsləndirib. Deyib ki, Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi İrəvanla Bakı arasında sülhün əldə olunmasına çox kömək edəcək. “Belə bir addımın atılması barışığa çox kömək edəcək” – deyən səfir əlavə edib ki, saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlı digər suallar Azərbaycan tərəfinə verilməlidir.

Səfir, həmçinin qeyd edib ki, əgər İrəvan və Bakı sülh müqaviləsinə doğru gedirlərsə, bütün dünyaya iki dövlətin, iki xalqın sülh və əməkdaşlıq şəraitində yaşayacağını bəyan etməyə hazırlaşırlarsa, o zaman dəyərləndirilməli olan addımlardan başlamalıyıq. Amma Arsenyan siyasi gediş edərək keçmiş qondarma rejimin “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanla bağlı məsələni ayrıca şərh etməkdən imtina edib. Deyib ki, İrəvan üçün Ermənistan vətəndaşları arasında heç bir fərq yoxdur.

Ermənistan səfiri onu da bildirib ki, Rusiya Ermənistanın və erməni xalqının dostu olub və olaraq da qalır: “Erməni xalqı və Azərbaycan xalqı Rusiyanın, rus xalqının dostudur. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin isə bir daha həm Ermənistan vətəndaşlarına, həm də Azərbaycan vətəndaşlarına ismarıc verdi ki, Rusiya dost olub, dostdur və dost olaraq qalır”.

Səfirin saxlanılan şəxslərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı qeyd etmək lazımdır ki, düzdür, Arsenyan bilavasitə kimlərdən söhbət getdiyini bildirməyib. Yəni, konkret ad çəkməyib. Ancaq güman etmək olar ki, söhbət həm Qarabağdakı keçmiş separatçı rejimin Bakıda saxlanılan, barələrində ədalət mühakiməsinin çıxaracağı hökmü gözləyən “qlavarları”ndan, həm də 44 günlıük Vətən müharibəsindən əvvəl, müharibənin getdiyi vaxt və ondan sonra sülh və insanlıq əleyhinə (soyqırımı, deportasiya, işgəncə vermə, müharibə qanunlarını poz ma və digər maddələrlə) cinayətlər törətdikləri üçün saxlanılan şəxslərdən gedir. Bununla bağlı da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda hansısa xalqa mənsub olan heç bir hərbi əsir yoxdur. Bu gün ölkəmizdə Qarabağ iqtisadi rayonunun müxtəlif yaşayış məntəqələrin də yerli azərbaycanlı əhaliyə qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətdi yi məhkəmələr tərəfindən sübuta yetirilmiş bir neçə erməni əsilli şəxs var. Bunlar Ar sen Baqdasaryan, Karen Qazaryan, Alyo şa Xosrovyan, Lüdvik Mkrtıçyan, Vaqif Xaçatryan və Raşid Beqlaryandır. Adları çəkilən şəxslər barəsində hökm çıxarılıb və onlar cəzaçəkmə müəssisələrində cəzaları nı çəkməkdədirlər.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixin arxivinə gömülmüş separatçı rejimin “qlavarları” – 2023-cü il sentyabrın 27-də saxlanılmış Ruben Vardanyan və David Manukyan, sentyabrın 29-da saxlanılmış David Babayan və Lyova Mnasakanyan, oktyabrın 3-də saxlanılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və David İşxanyan üzərində isə hələ məhkəmə prosesi başlamayıb. Ancaq, baş prokuror Kamran Əliyev bir müddət öncə bildirmişdi ki, keçmiş qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan ci nayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Baş prokuror onu da qeyd et mişdi ki, ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, onlara vəkil və tər cüməçilər ayrılıb. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bu mər hələ də başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək. Bundan sonra isə həmin şəxslər barəsində məhkəmələr tərəfindən hökm çıxarılacaq. Güman etmək olar ki, məhkəmə prosesi ilin sonunadək başlayacaq. Onların əli Azərbaycan xalqının qanına batıb. Məhz onlar İrəvandan aldıqları təlimatlara və xarici havadarlarının göstərişlərinə uyğun olaraq ötən əsrin 80-ci illərinin sonlarında Qarabağın dağlıq hissəsində mərkəzi hakimiyyətə qarşı separatçı çıxışlara başlayıblar. Daha sonra separatizm hərəkatı Ermənistanın Azərbaycana hərbi müdaxiləsinə, torpaqlarımızın işğalına gətirib çıxarıb.

Keçmiş separatçı rejimin başçıları əlinə silah alaraq Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan, xalqımıza olmazın müsibətlər yaşadan şəxslərin ümumiləşmiş obrazıdır. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər. Dövlətimizin başçısı bildirmişdi ki, bizim tarixi Qələbəmiz o qədər parlaq idi və cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunanda bunu bəziləri belə qavraya da bilmədilər: “O qədər tez bir zamanda başladı və sona çatdı və eyni zamanda, bu parlaq Qələbə fonunda bax, o personajların da tutulması bir qədər kölgədə qaldı. Halbuki, bu, özlüyündə böyük bir tarixi hadisədir. Bizə qarşı qanlı müharibə aparan, vandallıq edən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün keçmiş “liderlər”, ondan sonra Qarabağa ixrac edilmiş “baş nazir” və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar. Onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da, ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum. Onların heç ağlına gələ bilməzdi ki, bu gün onlar Bakıda çay içmək istəyini belə reallaşdıracaqlar, istintaq təcridxanasında oturacaqlar və ədalət məhkəməsinin qərarını gözləyəcəklər”.

Bəli, Prezident İlham Əliyevin bildirdiyi kimi, həmin şəxslər hazırda ədalət mühakiməsinin qərarını gözləyirlər. Onların sərbəst buraxılması müzakirə mövzusu da deyil. Yaxşı olar ki, İrəvan sülhün əldə olunmasını heç nə ilə əlaqələndirməsin. Sülh olacaqsa, o cümlədən regional kommunikasiyalar açılacaqsa, sərhədlərin delimitasiya-demarkasiya prosesi gedəcəksə, bundan faydalanan həm də Ermənistan tərəfi olacaq. Bəs sülh olmayacaqsa nə olacaq? Bu suala da ən yaxşı cavabı yenə dövlət başçımız verib. 2023-cü il mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında cənab İlham Əliyev deyib: “Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”.

Bu istiqamətdə fikirlərini “XQ” ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri, Zaur Məmmədov bildirdi ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan noyabrın 5-də sülh sazişi ilə bağlı növbəti təkliflər paketini Bakıya göndərdiklərini açıqladı. Onun sözlərinə görə, elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi də saziş layihəsi ilə bağlı növbəti təkliflər paketini Ermənistana göndərdiyini bəyan etdi: “Sülh sazişinə bu və ya digər şəkildə ehtiyac var. Amma bu ehtiyacın olması o demək deyil ki, tərəflər tələsərək sülkh müqaviləsinə imza atmalıdırlar. Sülh müqaviləsi, adından göründüyü kimi, doğrudan da sülhü təmin edəcək müqavilə olmalıdır. Görünən odur ki, Ermənistan hakimiyyəti daxili auditoriya üçün müəyyən gedişlər edərək “hərbi əsir” adlandırdığı şəxslərin sərbəst buraxılması üçün gedişlər etməkdə, bəyanatlar verməkdədir. Burada söhbət iki kateqoriyaya daxil olan şəxslərdən gedir. Birinci qrupa keçmiş separatçı rejimin rəhbərləri daxildirlər. Onlar konkret cinayət əməlləri törətməkdə ittiham olunurlar və təhvil verilmələri heç nədən asılı deyil, heç nə ilə əlaqələndirilməməlidir. İkinci qrupa isə müxtəlif vaxtlarda ölkəmizə qarşı cinayətlər törətmiş şəxslər daxildirlər. Bu qrupa daxil olanlarla bağlı məsələ 2021-ci ildən sonra qarşılıqlı müzakirə nəticəsində həllini tapıb və bundan sonra da konkret şəxslərin məsələsi müzakirə oluna bilər”.

Z.Məmmədovun fikrincə, bu mənada Ermənistan hakimiyyətini təmsil edən şəxslər saxlanılan şəxsləri azad etməyə çağırarkən bura keçmiş separatçı rejimin başçılarını da əlavə edirlərsə, o zaman veriləcək cavabın nə olacağını çox yaxşı bilirlər. Son cavab onlara Kazanda verilib.

Politoloq onu da bildirdi ki, Bakı və İrəvan yeni mərhələyə qədəm qoyurlar və Donald Trampın vəzifəsinin icrasına başlamasından sonra Ermənistanın Rusiyaya yanaşması da dəyişəcək. Biz nəzərə almalıyıq ki, 2025-ci ilin özünəməxsus çağırışları olacaq. Bundan sonra Cənubi Qafqazda yeni dönəm başlayır. Burada xarici siyasətdə bir sıra korrektələr ediləcək. Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesinə də bu və ya digər ölkələrin münasibətləri fərqli olacaq.

Səxavət HƏMİD
XQ

Seçilən
122
xalqqazeti.az

1Mənbələr