AZ

Bakı Hava Limanının fəaliyyətində müvəqqəti dəyişikliklər edilib

COP29 beynəlxalq konfransının keçirilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək üçün müvəqqəti dəyişikliklər tətbiq edir, hava limanının mətbuat xidməti bildirib.

Məlumatda sərnişinlərə bu dövrdə səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə edilir.

"10-14 noyabr tarixlərində 1 və 2-ci Terminallara yalnız aviabileti olan sərnişinlərin girişinə icazə veriləcək. Yaxınlarını yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur ki, gözləmə zallarında insan sıxlığı yaranmasın",   məlumatda bildirilib. 

Hava limanının qarşısındakı parkinq sahəsi yalnız xüsusi nəqliyyat vasitələri üçün ayrılacaq. 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin dayanması qadağandır – yalnız sərnişinlərin düşməsi üçün icazə veriləcək. Uzunmüddətli parkinqdə avtomobil saxlamaq istəyən sürücülərə bu məhdudiyyətləri nəzərə almaq tövsiyə olunur, əks halda avtomobillər ərazidən evakuasiya ediləcək.

Şəhər mərkəzindən hava limanına gedən sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucov küçəsi → Fazil Bayramov küçəsi → 8 Noyabr prospekti → Zığ şosesi marşrutundan istifadə etmələri tövsiyə olunur. Bilgəh və Maştağa qəsəbəsindən gələnlərə isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxış tövsiyə olunur. Gediş haqqı pulsuz olacaq.

COP29 müddətində (10-22 noyabr) sərnişinlər H1 və H2 ekspres avtobusları ilə hava limanına gedə biləcəklər. H1 avtobusu hər 10 dəqiqədən bir "28 May" metro stansiyasına, H2 avtobusu isə hər 15 dəqiqədən bir "Əhmədli" metro stansiyasına xidmət göstərəcək.

Nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq sərnişinlərə uçuşdan ən azı 3 saat əvvəl hava limanına gəlmələri və gözləmə müddətini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur.

COP29 dövründə Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərin fasiləsiz və keyfiyyətli xidmətlə təmin edilməsi üçün bütün zəruri tədbirləri gücləndirilmiş rejimdə həyata keçirəcək, mətbuat xidməti bildirib.
 
N.Təbrizli

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr