AZ

Qaradağ rayonunda Zəfər Günü münasibətilə “Qürub vaxtı” kitabının təqdimatı keçirilib

Noyabrın 6-da Lökbatan qəsəbəsində YAP Qaradağ Rayon Təşkilatının və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkil etdiyi şəhid-şair Teymur Rəsulovun (Teymur Turan) “Qürub vaxtı” kitabının təqdimatı keçirilib.

Kitabxananın akt zalında keçirilən tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon MKS-nin əməkdaşları, Teymur Rəsulovun valideynləri, YAP fəalları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova ölkəmizin çox əlamətdar günlər - 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü və COP-29 tədbirinin keçirilməsi ərəfəsində olduğunu xatırladıb. O bildirib ki, belə mötəbər günlər ərəfəsində şəhid şair Teymur Turanın “Qürub vaxtı” kitabının təqdimatının keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu cür kitablar gənc nəslin vətənpərvərlik tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında mühüm rol oynayır.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları qarşıdan gələn mühüm dövlət bayramları münasibətilə təbrik edib. O bildirib ki, həm şair, həm də vətənpərvər ziyalı və mütəxəsis olan Teymur Turan kimi şəhidlərimizin xatirəsi daim əziz tutulmalı, onların qoyub getdiyi miras gənc nəsil arasında geniş təbliğ olunmalıdır. YAP rayon təşkilatının sədri Teymur Turanın müəllifi olduğu şeirlərin və məqalələrin toplandığı “Qürub vaxtı” kitabının məziyyətlərindən danışaraq, müəllifin digər şəhidlərdən məhz şair və qələm ustası olması ilə fərqləndiyini xüsusi qeyd edib. O bildirib ki, Teymur Turan kimi şəhidlərin qəhrəmanlığı ilə qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününun ardınca ölkəmizə zəfər zəfər dalınca gəlməkdədir. Bu gün ölkəmizin çox ciddi şəkildə hazırlaşdığı BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbir də yaxın 10 gün ərzində baş tutacaq. Qafar Əliyev qeyd edib ki, bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq təşkilatların və əksər dövlətlərin ölkəmizə göstərdiyi böyük hörmət və etimadın bariz nümunəsidir. Rayon təşkilatının sədri qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmə və təbliğat işini genişləndirməkdir. Belə böyük tədbirin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi isə 30 ilə yaxın bir dövrdə əraziləri işğal edilmiş dövlətimizin artıq qalib dövlətə, xalqımızın isə qürurlu xalqa çevrildiyinin birbaşa təsdiqidir.

Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, “Qarabağ Qaziləri” İctimai Birliyini Qaradağ filialının sədr müavini Qafqaz Əhmədov, şəhid atası Namiq Kəlbiyev, Teymur Turanın döyüş yoldaşaları şəhid-şairin keçdiyi qısa, lakin mənalı həyat yolu, könüllü olaraq qatıldığı Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar barədə ətraflı danışıblar. Onlar bildiriblər ki, belə tədbirlərin təşkili gənclərin vətənpərvərlik tərbiyəsi, şəhidlərə hörmət və ehtiramla yanaşılması üçün xüsusi əhəmiyyətə malikdir.

Sonra şəhid şair Teymur Turanın keçdiyi həyat yolundan və müəllifi olduğu əsərlərdən bəhs edən videoçarx nümayiş olunub. Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Turan Teymura həsr olunmuş şeir və onun müəllifi olduğu fikirlər səslənib.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr