AZ

Uşaq evlərində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var, amma...

Dünya təcrübəsində onlara müxtəlif peşələr öyrədilir, bizdə isə...

Azərbaycanda bir neçə uşaq evində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, uşaq evi sosial xidmət müəssisələrində keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür. Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq 2, 3, 4 və 6 saylı uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsi, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Xatırladaq ki, mütəmadi olaraq uşaq evlərində zorakılıq, ərzaqların oğurlanması və digər bu kimi neqativ faktlar aşkarlanır. Xüsusən də uşaqlara qarşı zorakılıq halları ilə bağlı tez-tez mətbuatda, mediada, eləcə də sosial şəbəkələrdə videolar yayılır, faktlar aşkarlanır. Bəs aparılan monitorinqlər bu problemlərin qarşısını ala biləcəkmi? 

Daha bir məsələ, uşaq evlərindəki uşaqların həyatı, sonrakı taleyi məsələsi ciddi problemdir. Eyni zamanda hər il yüzlərlə kimsəsiz uşaq 18 yaşını tamamladıqdan sonra oradan çıxarılır və bir çoxları səfil həyatı yaşayır.

Uşaq evlərində böyüyən uşaqlarla bağlı müxtəlif ölkələrdə mükəmməl proqramlar var. Məsələn, Rusiyada uşaq evlərində böyüyən uşaqların uyğun gələnlərini hərbiyə cəlb edirlər, digərlərini müxtəlif peşələrə yiyələndirirlər ki, 18 yaşını tamamladıqdan sonra işsiz qalmasınlar, habelə dövlətə yük, problem olmasınlar, kriminala yönəlməsinlər. Oxşar sistem bir çox Avropa ölkələrində də var. Bəs biz bu işi necə təşkil edək? Müşahidələr onu deməyə əsas verir ki, son 10 illikdə atılan, uşaq evlərinə verilən uşaqların sayı xeyli artıb və buna dair ciddi proqramlar işlənməlidir.

Televiziyalarda

 Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənədə əsasən, uşaqların ailə mühitində böyüməsi, ailə qayğısında olması onların inkişafı üçün ən uyğun mühit hesab olunur. Bu prinsipə uyğun olaraq, Azərbaycan hökuməti də 2015-2016-cı illərdən başlayaraq uşaqların ailələrdə böyüməsini təşviq edən islahatlar həyata keçirir. Bu yanaşmanın əsas məqsədi uşaqların institusional müəssisələrdən ailə mühitinə uyğun bir formada yerləşdirilməsi və onlara ailə qayğısı göstərilməsidir. Hər nə qədər sosial uşaq müəssisələri komfortlu və təminatlı olsa da, ailənin uşağa verdiyi dəstəyi və sevgini tam şəkildə əvəz edə bilməz. Məhz bu səbəbdən hökumətlər uşaqların ailə mühitində böyüməsinə üstünlük verir və buna nail olmaq üçün müxtəlif mexanizmlər yaradılır. Himayədar ailələr və övladlığa götürmə sistemi bu istiqamətdə tətbiq olunan önəmli vasitələrdir.

Bir çox valideynlər maliyyə çətinlikləri səbəbindən övladlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Bu səbəblə, hökumət sosial layihələr vasitəsilə belə ailələrə dəstək göstərməyə çalışır, onların məşğulluğunu təmin etməyə yönəlmiş addımlar atır ki, uşaqlar ailələrindən ayrı qalmasınlar. Ancaq təəssüf ki, son dövrlərdə uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayında artım müşahidə olunur, bu da sosial dəstək və ailə qayğısına ehtiyacın daha da artırdığını göstərir".

Sosioloq uşaq evlərində uşaqlar üçün qaynar xətt yaradılmasını təklif edib: “Uşaq müəssisələrində uşaqlarla kobud rəftar və zorakılıq halları ciddi problemdir və qəti şəkildə qarşısı alınmalıdır. Uşaqlara qarşı zorakılıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması və işdən azad edilməsi artıq bir addımdır, lakin bu kifayət deyil. Belə halların qarşısını almaq üçün müəssisələrin ictimaiyyətə, xüsusilə də media nümayəndələrinə açıq olması çox vacibdir. Müşahidə və nəzarətin gücləndirilməsi zorakılığın qarşısını almaqda effektiv rol oynaya bilər.

Uşaqların problemlərini, zorakılıq hallarını bildirmələri üçün qaynar xətt yaradılması ideyası da çox yerindədir. Bu, uşaqlara özləri ilə bağlı problemləri anonim və təhlükəsiz şəkildə bildirmə imkanı yaradacaq".

Bundan başqa, sosioloq hesab edir ki, uşaq müəssisələrində çalışan işçilər müvafiq təlim və təcrübəyə malik sosial işçilər və psixoloji dəstək mütəxəssisləri olmalıdır: “Sosial həssas qruplarla işləməyi bacaran, onlara uyğun yanaşma göstərməyi bilən işçilərin cəlb edilməsi uşaqların inkişafı və psixoloji sağlamlığı üçün vacibdir. Təəssüf ki, bir çox müəssisələrdə bu sahədə peşəkar olmayan şəxslərin işləməsi halları mövcuddur ki, bu da uşaqlarla düzgün rəftarın olmamasına gətirib çıxarır. Bir müddət əvvəl uşaq evlərinin birində uşağın döyülməsi hadisəsi də bu problemə diqqət çəkməkdə haqlıdır - belə hallar yolverilməzdir və hökumətin də bu sahədə nəzarəti gücləndirməsi vacibdir”.

Üzeyir Şəfiyev uşaq evlərindən çıxan uşaqların sonrakı taleyi ilə bağlı isə qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən çıxan və 18 yaşına çatmış gənclər üçün tikilən məzun evləri olduqca əhəmiyyətli bir addımdır. Bu evlərdə təkcə yaşayış imkanı deyil, həm də həmin gənclərin işlə təmin olunması üçün şəraitin yaradılması onların müstəqil həyata daha rahat uyğunlaşmasına kömək edir. Bu cür layihələr gənclərin cəmiyyətə inteqrasiyasını və öz ayaqları üzərində durmalarını dəstəkləyir.

Bölgələrdə də bu tip təşəbbüslərin həyata keçirilməsi çox faydalı olardı. Bu, regionlarda yaşayan və uşaq müəssisələrindən çıxan gənclərin öz yaşadığı yerlərdə qalaraq iş və yaşayış imkanlarına sahib olmalarını təmin edə bilər. Belə layihələrin genişlənməsi həm regional inkişafı gücləndirər, həm də gənclərə sosial adaptasiya prosesində əlavə dəstək verər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Seçilən
13
musavat.com

1Mənbələr