AZ

Səbinə Salmanova: Qərbi azərbaycanlıların öz doğma yurd­-yuvalarına qayıdışı tarixi bir zərurətdir - MÜSAHİBƏ

Azərbaycanda noyabrın 8-də İkinci Qarabağ müharibəsində əldə edilən qələbə münasibətilə Zəfər Günü qeyd olunacaq, bir neçə gün sonra isə Bakı mötəbər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) keçirəcək. Milli Məclisin deputatı Səbinə Salmanova “Report”a müsahibəsində bu mövzular, eləcə də Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı danışıb.

- Səbinə xanım, bir neçə gün sonra Azərbaycanın Vətən müharibəsində qələbəsinin dörd ili tamam olacaq. Zəfərdən keçən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən işlər bütün dünyada səs-küy yarada bildi. Sizin bu proseslərə münasibətiniz maraqlıdır.

- Hesab edirəm ki, Vətən müharibəsi və ondan sonrakı dövr tariximizin ən şərəfli dövrüdür. Biz bu gün qalib xalq kimi yaşayırıq. Azərbaycanın isə bu gün qalib ölkə kimi başı dikdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə güclü, qüdrətli, böyük nüfuza malik dövlət kimi tanınır və hörmət edilir. Bütün bunlara görə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, yenilməz Ordumuza, qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə və sistemli şəkildə aparılır. Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə şəhər və kəndlərimizə yeni həyat bəxş olunur. Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər, qəsəbələr yenidən qurulur.

Bir məsələni də xüsusi vurğulayım ki, hazırda işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərimizin minalardan təmizlənməsi prosesi də davam etdirilir. Təəssüflər olsun ki, minalar tikinti işlərinin daha da sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradır. Düşmən o əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib. İnanıram ki, 44 günə düşməndən azad edilən torpaqlarımız elə qısa zamanda da gözəgörünməz düşməndən azad ediləcək və insanlarımızın təhlükəsiz, ləyaqətli şəkildə Qarabağ və Şərqi Zəngəzura qayıdışı tam təmin olunacaq.

- Azərbaycan beynəlxalq əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi edəcək. Tədbirin ölkəmizdə keçirilməsi nə vəd edir?

- Əvvəlcə onu qeyd edim ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin və onun liderinin böyük nüfuza malik olmasının göstəricisidir. Bilirsiniz, biz dəfələrlə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etmişik. Ancaq onların ən böyüyü məhz COP29-dur. Təəssüflər olsun ki, bəzi qüvvələr belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşırlar. Bəzi Qərb dairələri və mediası Azərbaycanı nüfuzdan salmağa çalışır. Hesab edirəm ki, Qərbdə Azərbaycana qarşı aparılan belə qarayaxma, ləkələmə kampaniyası heç bir nəticə verməyəcək. Onların belə cəhdləri əbəsdir, boşuna özlərini yormasınlar! Digər mötəbər tədbirlər kimi, COP29 da Azərbaycanda yüksək səviyyədə keçiriləcək.

Konfrans zamanı Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək. COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Ölkəmizin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. Ümumilikdə hesab edirəm ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.

- Bu günlərdə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı. Həmin təşəbbüs qrupunun yaradılmasının əsas məqsədi nədir?

- Bəli, bu yaxınlarda Qərbi Azərbaycan İcması tərəfindən Milli Məclisin sədri Sahibə xanım Qafarovaya müraciət ünvanlanmışdı. Məktubda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülmüşdü. Hörmətli Sədrimiz isə təklifi nəzərə alaraq, parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması haqqında sərəncam imzaladı. Hesab edirəm ki, parlamentdə belə bir qurumun yaradılması Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan yaradacaq. Həmçinin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək verəcək.

- Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləqayətli şəkildə geri qayıdışı dedikdə nələr nəzərdə tutulur?

- İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir.

Bildiyiniz kimi, XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Deportasiya insanlıq əleyhinə cinayətdir. Ermənistan Qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə beynəlxalq tribunalarda bu tarixi ədalətsizliyə diqqət çəkib və Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib. Dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu prosesin sülh yolu ilə, beynəlxalq hüququn təmin etdiyi qaydalar çərçivəsində baş tutması da Azərbaycan üçün prioritetdir. Ölkə başçımızın da dəfələrlə söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur. Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır.

Qərbi azərbaycanlıların öz doğma yurd-­yuvalarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığından tam əmindir.

- Bəs Qərbi Azərbaycan mövzusu, bunun tarixi, bu günü və gələcəyi orta və ali məktəblərdə necə tədris aparılmalıdır? Bunun üçün tarix kitablarında ayrıca bölmə, yaxud xüsusi əlavə dərs olmalıdır?

- Bu, ideologiya baxımından çox vacib məsələdir. Biz bütün imkanlarımızdan istifadə edərək Qərbi azərbaycanlıların hüquqlarının bərpasına çalışmalıyıq. Hesab edirəm ki, Qərbi Azərbaycan tarixi ilə bağlı dərs vəsaiti hazırlanmalı, filmlər çəkilməlidir. Vətən müharibəsində necə birlik nümayiş etdirdiksə, hər birimiz bu məsələdə də eyni iradəni ortaya qoymalıyıq.

Foto: Ehtiram Cəbiyev

Seçilən
23
far.az

1Mənbələr