AZ

Üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır

Bayrağımızın dövlət rəmzlərindən biri kimi ucaldılaraq, müqəddəs tutulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı mübarizəsinin misilsiz qələbəsidir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin- bayraq, gerb və himnin hazırlanması istiqamətində tədbirlər həyata keçirildi.  Üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bayraq Respublikanın varlığını təsdiqləyən, millətini ucaldan, hər bir vətəndaşı qürurlandıran dövlət rəmzdir. Dövlət Bayrağımızın bu üç rəngi Türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirirdi. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən zala gətirilərək ucaldıldı.

Beləliklə görkəmli dövlət xadimi Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üç rəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirdi. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Ümummilli Liderimiz Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini hər sahədə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət Bayrağı qarşısında diz çökərək onu öpən ölkə rəhbəri İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə və onun rəmzlərinə, atributlarına olan böyük sevgi, ehtiram və sədaqət nümayiş etdirir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması ölkə başçısının dövlət bayrağına nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib. Üçrəngli, Ay- ulduzlu bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı-canı bahasına başa gəlmiş, xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir və həm də dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir. Qəhrəman xalqımız 44 günlük Vətən müharibəsində üç rəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız “Təki Vətən sağ olsun"- deyib mübarizəyə qoşuldu. Yenilməz Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. Bəli, bu gün artıq Azərbaycan xalqı bu şərəfli tarixin şahididir.

 Bütün dünyaya səs salmış qısa müddətli lokal xarakterli antitteror əməliyyatı nəticəsində Qarabağdan bütün qanunsuz erməni hərbi dəstələri çıxarıldı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Artıq Müqəddəs bayrağımız düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə, əzəli torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Hadrutda, Suqovuşanda, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, digər kənd və qəsəbələrimizdə qürurla dalğalanmaqdadır. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir. Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu möhtəşəm bayram günündə iftixar hissi keçiririk ki, Ümumilli Liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi olaraq dalğalanacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
35
1
ikisahil.az

2Mənbələr