ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldikdən sonra yeni prezidentin formalaşdıracağı kabinetdə vəzifə tuta biləcək şəxslərlə bağlı müzakirələr aktual mövzuya çevrilib.
News24.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçirilən və Trampın qalib gəldiyi prezident seçkilərindən sonra ictimaiyyət "Trampın kabinetində kim olacaq?" sualını verməyə başlayıb. 2016-2020-ci illər arasında prezidentliyi dövründə, xüsusilə, hakimiyyətinin ilk ilində bir çox insanla işləyən və qısa zamanda bir çox adamı işdən çıxaran Trampın yeni kabinetini necə formalaşdıracağı maraq doğurur.
2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı ən çox gözlənilən kabinet üzvləri xarici işlər naziri, müdafiə naziri, xəzinədarlıq naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir.
Nazirlər Kabinetinin ən mühüm yerlərindən biri olan Maliyyə Nazirliyi üçün adı çəkilən şəxslər arasında investorlar, keçmiş kabinet üzvləri və iş adamları var. Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki şəxsdən biri olan "Howard Lutnick"in adı Maliyyə Nazirliyi üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik seçki dövründə Trampa etdiyi külli miqdarda ianə ilə diqqət çəkib.
İlk dövründə Trampın kabinetində 4 il Ticarət Nümayəndəsi vəzifəsində çalışan Robert Lighthizer də xəzinə nazirliyi üçün adı keçənlər arasındadır. Digər tərəfdən, Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Trampın ilk dövründə Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi adların bu siyahıda olduğu bildirilir.
Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də Trampın yeni kabinetində çalışacağı güclü ehtimal kimi qiymətləndirilir. Mediada əksini tapan xəbərlərdə Kennedinin yeni kabinetdə səhiyyə naziri və ya məsləhətçi vəzifəsinə təyin oluna biləcəyi proqnozlaşdırılır.
Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder sahibkar İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir.
Aynurə