AZ

Nostalji parad - köhnə nəsil 7 noyabrı necə xatırlayır...

Qulu Məhərrəmli: “Parlaq ideyalar -  sosializm, ictimai bərabərlik və sairə var idi, lakin çox təəssüf ki, onlar Marksın düşündüyü sosializm ideyaları deyildi”

7 noyabr Böyük Oktyabr Sosialist İnqilabından 107 il keçir. Sovetlər dönəmində 7 noyabr böyük təntənə ilə qeyd olunardı. 

Xatırladaq ki, Böyük Oktyabr Sosialist İnqilabı 7 noyabr 1917-ci ildə baş verib və uzun illər Sovet İttifaqında böyük təntənə ilə qeyd olunub.

Bu gün 7 noyabrda Böyük Oktyabr Sosialist İnqilabı günü ənənə olaraq daha çox Belarusda qeyd olunur. Belarusda bu tarix rəsmi bayram olaraq saxlanılıb və dövlət səviyyəsində tədbirlər keçirilir, iş yerləri və məktəblər bağlanır. Rusiyada isə əvvəlki təntənələr saxlanmasa da, bu gün müəyyən qruplar tərəfindən anılır.

Qırğızıstanda  7-8 noyabr tarixləri “Tarix və Əcdadları Anma Günü” olaraq qeyd olunur, lakin əvvəlki Sovet dövründə olduğu kimi hərbi paradlar və bayram tədbirləri ilə deyil, daha çox milli yaddaşa yönəlik mərasimlərlə müşayiət olunur. Qırğızıstan bu günü 1916-cı ildə baş verən bir üsyanın qurbanlarını anmaq üçün dəyişdirdi. Digər MDB ölkələri isə bu tarixi rəsmi olaraq qeyd etmir və keçmişdəki mənasından uzaqlaşaraq fərqli milli və ya tarixi günlərlə əvəz ediblər. 

Azərbaycana gəldikdə isə Sovet dövrünü yaşamış insanlar üçün bu gün keçmişi xatırladan bir simvol kimi qalıb. Bəziləri üçün sosial ədalət və bərabərlik ideyalarını ifadə etsə də, başqaları kommunizmin reallıqlarla uyğunsuzluğunu və çatışmazlıqlarını vurğulayır. Kommunizm ideyaları ilə bağlı fərqli gözləntilər olsa da, bu ideyaların həyata keçirilməsində ciddi problemlər və qüsurlar yaşandı.

Beləliklə, Oktyabr İnqilabının ənənəvi olaraq Sovet İttifaqında qeyd olunan bu tarixi keçmiş sovet ölkələrinin böyük əksəriyyəti artıq təqvimlərindən çıxarıb və ya fərqli mənalarla əvəzləyib. 

Bəs Azərbaycanın Sovet dövrünü yaşamış adamları o günü necə xatırlayır? Kommunizm ideyasının çürük ideya olduğunu bu paradlar özü də təsdiqləyirdimi, yoxsa fərqli gözləntilər vardı? 

Qulu

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, biz yaşda olan insanların hafizəsində 7 noyabrla bağlı təşkil olunan böyük, geniş paradlar, zəhmətkeşlərin nümayişi və sair hamısı yaddaşımızdadır. Bu bir dövr, ideologiya, başlanğıc idi. Başlanğıcı da qanlı bir diktatura şəklində qurulmuşdu. Belə bir sistemin yaradılması milyonlarla insanın qanı bahasına başa gəlmişdi. Ortada çox yaxşı parlaq ideyalar -  sosializm, ictimai bərabərlik və sairə var idi. Lakin çox təəssüf ki, onlar Marksın düşündüyü sosializm ideyaları deyildi. Məsələn, proletariat diktatoru Lenin bunu marksizmə əlavə nəzəriyyə kimi gətirdi, qanlı çarpışmaların əsasında hakimiyyəti qorumaq dayandı. Daha sonra inqilab düşmənlərinə hücum, kollektivləşmə, müharibə dövrü, yüzlərlə, minlərlə insanın həyatı puç oldu getdi. İkinci Dünya müharibəsi, baş verən hadisələr - bunları hamısı o dövrün böyük, ciddi problemləri idi.

Əlbəttə, sosializmin müəyyən müsbət cəhətləri də var idi, onları danmaq olmaz. Məsələn, həmin dövrdə müəyyən sosial problemlər var idi ki, onlar öz həllini tapmışdı. Şəxsən mən Sovet dövrü üçün heç bir nostalji hisslər keçirmirəm. Ona görə ki, orada nostaljilik heç nə yox idi. Sadəcə, insanların süni şəkildə bərabərləşdirilməsi var idi. Qeyd etdiyim kimi, müəyyən sosial problemlərin həlli, müəyyən dərəcədə ədalət sisteminin olması, şikayətlərə baxılması, müəyyən cəza sisteminin olması, ayrı-ayrı  fərdlərin sistemdən sui-istifadə edə bilməməsi, korrupsiyanın, hər halda, bu qədər genişlənməməsi var idi və bunların hamısı müsbət cəhətlər idi. Amma bunlar əsas vermir ki, biz o dövr üçün nostalji hisslər keçirək. Müstəqillik, istiqlaliyyət baxımından bu günü dünənlə heç cür müqayisə etmək olmaz. Biz indi bir millət kimi varıq, mövcuduq, müstəqil dövlətimiz var, beynəlxalq təşkilatların üzvüyük. İndi ölkədə müəyyən problemlər var, onları aradan qaldırmaq üçün işlər görülür. İndi müəyyən nöqsanlar, rüşvət, korrupsiya da var, amma bütün bunların fonunda müstəqillik, istiqlaliyyət anlayışı, bir dövlət kimi mövcudluğumuz bütün bu iztirablarımıza son qoyur. Hesab edirəm ki, şərait yaxşılaşan kimi təbii ki, digər məsələlərin də həlli mümkün görünür".

Xalidə GƏRAY,
Musavat.com 

Seçilən
22
48
musavat.com

10Mənbələr