AZ

Prokurorluğa çağırılan jurnalist: “Riad Rəfiyev tənqidə dözümsüzdür”

“Şikayət edilən yazılarda heç bir məhkəmə predmeti, şərəf və ya ləyaqətin aşağılanması yoxdur”.

Bunu İdman.bizə idman jurnalisti Anar Şabanoğlu deyib.

O, "Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyevin həmkarı İxtiyar Əsgərovla birgə onlardan Baş Prokurorluğa şikayətini əsassız adlandırıb: “Bizə orada "Sumqayıt"ın prezidentinin yazılarımıza görə şikayət edildiyi bildirildi. Ardınca Baş Prokurorluqda hər ikimizdən izahat aldılar. Riad Rəfiyev sadəcə tənqidə dözümsüzdür”.

Sports.az-ın əməkdaşı bildirib ki, dəfələrlə tənqidi məqalələr yazsa da, bu cür halla ilk dəfə qarşılaşıb: “Şəxsən mən AFFA prezidenti Rövşən Nəcəfi, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarovu zaman-zaman çox kəskin tənqid etmişəm. Amma 1 dəfə də olsun onlardan və ya başqalarından hər hansısa narazılıq, irad eşitməmişəm. Çünki bu insanlar tənqidin inkişaf yolunda təməl olacağını bilirlər. Amma "Sumqayıt"ın prezidenti əksini edir. Ümid edirəm ki, Riad Rəfiyevə bunu anladaraq, onu futboldan birdəfəlik yola salacaqlar. Hətta menecerlik etməsinə də imkan verməyəcəklər. Haqq-ədalət öz yerini tutacaq”.

Şabanoğlunun sözlərinə görə, vəkillə məsləhətləşdikdən sonra lazımı addımları atacaqlar: “Amma ən azından Mətbuat Şurasına və Medianın İnkişafı Agentliyinə müraciət edəcəyik”.

Qeyd edək ki, Rəfiyev Sports.az və Matc.az saytlarında şərəf və ləyaqətinin aşağılandığını iddia edib. O, idman saytlarında özü haqqında dərc olunan yazıların silinməsini və təkzib edilməsi tələbini irəli sürüb.

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr