Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Trampın əvvəlki hakimiyyəti dönəmində gördük ki, Amerika prezidenti tərəfindən başqa ölkələrlə bağlı kobud davranışlar da sərgiləndi. Xüsusilə də sanksiyalar və ticari savaşlar belə aparıldı. Nəzərə alsaq ki, Tramp həm də özünün müttəfiqləri ilə ticarətində tariflərin artırılmasına getdi, xüsusilə də həm Aİ, həm də Türkiyədən idxal olunan polad, alüminium və digər materiallara gömrük rüsumlarını artırmaqla Amerika iqtisadiyyatının təməllərini qorumağa çalışdı. Çinlə Amerika arasında idxal olunan mallarla bağlı rüsumların artırılması prosesini, Amerikanın Çinlə ticarətindəki mənfi saldonu azaltmaq üçün atılan addımları gördük. Trampın ikinci dönəm hakimiyyəti onun daha təcrübəli və daha sərbəst şəkildə hərəkət etməsinə imkan yaradacaq. Konqresin həm aşağı palatasında, həm də Senatda Trampın tərəfdarları-respublikaçılar üstünlük təşkil edirlər. Bu da onun daha rahat siyasət həyata keçirməsinə imkan verəcək. Baxmayaraq ki Donald Tramp həm də savaşları bitirəcəyini söyləyib, bu kimi məsələlər yalnız bir prezidentin iradəsindən asılı deyil. Amerikanın özünün strateji maraqları var və bu xətt müəyyənləşib. Bu baxımdan Amerikanın siyasətində qlobal səviyyədə çox ciddi dəyişikliklərin olacağını düşünmürəm. Təbii ki, müəyyən korrektələr olacaq və əsas Bayden administrasiyasının bərbad xarici siyasəti bir az daha korrektə edilmiş olacaq".
Zeynəb Rzayeva